BAKI, 23 sentyabr. TELEQRAF
“Komanda olaraq “Azərxalça”ya 2021-ci ildə gəlmişik. Amma bu qurumun əsası 2016-cı ildə qoyulub. Yəni, bizdən əvvəl 5 illik bir fəaliyyət olub. Yəqin ki, əvvəlki rəhbərlik tərəfindən hədəflər, gələcəyə yönəlik addımlar və məqsədlər düzgün qurulsaydı, fəaliyyəti düzgün olardı, ölkə rəhbərliyi bundan razı qalardı, onlar da öz fəaliyyətlərinə davam edərdilər”.
Bu fikirləri Teleqraf İnformasiya Agentliyi və Baku TV-yə verdiyi müsahibədə “Azərxalça” Açıq Səhmdar Cəmiyyəti İdarə Heyətinin sədri Emin Məmmədov deyib.
"Mən tək deyiləm, bizim komanda var, pandemiyadan sonra idi, biz “Azərxalça”ya gələndə tam iflas etmiş, bankrot olmuş bir təşkilat səviyyəsində idi. Bütün emalatxanalar üzrə kommunal, eləcə də bölgələrimizdə toxucularımızın məvacibi ilə bağlı borclar yığılıb qalmışdı. Hətta bəzi emalatxanalar düzgün yerdə qurulmamışdı. Sözsüz ki, hər bir rəhbərə etimad olunur ki, o, istiqaməti düzgün tutsun. Təəssüflər olsun, o yük bizim üzərimizə düşdü. Bizim üçün də ilk addım keçmiş borcları bağlamaq, kommunal xərcləri ödəməkdən ibarət oldu. “Azərxalça”nın 700 əməkdaşının maaşını vermək böyük çətinliklər yaradırdı. Çünki təşkilatın ştat cədvəli lazım olmayan adamlarla doldurulmuşdu. Bütün bunları həll etmək sözsüz ki, vaxt apardı. Məqsədimiz o idi ki, “Azərxalça”nı tamamilə yeni şəffaf idarəyə çevirə bilək. İndi isə bu qurumda rəqəmlər şəffafdır. Bütün rəqəmləri elan edirik, şəffaflığı ictimaiyyətlə bölüşürük. Toxucularımızın maaşı da şəffafdır.