BAKI, 22 sentyabr. TELEQRAF
“Çoxları düşünürdü ki, erməni xalqı seçkilərdə təhkimçiliyi - Rusiyanı seçəcək, amma o müstəqilliyi və azadlığı seçdi”.
Teleqraf xəbər verir ki, bunu Ermənistan parlamentinin keçmiş deputatı Azat Arşakyan bildirib.
“Ermənistan xalqının əksəriyyəti “Rədd ol, Rusiya, biz azadlıq istəyirik” dedi. Artıq bu gün Rusiyanın burada qalmaq üçün heç bir şansı yoxdur. Ondan daha güclü olanlar Rusiyanı qovub çıxardılar, öz yerinə göndərdilər”, - o qeyd edib.
Daxili siyasi məsələlərə və Kərki kəndinin Azərbaycana məxsus olması ilə bağlı Ermənistan Baş naziri Nikol Paşinyanın mesajlarına ölkə müxalifətinin etirazlarına toxunan Azat Arşakyan qeyd edib:
“Ləyaqət və Köçəryan sözləri eyni səhifədə yazıla bilməz. O, Ermənistan dövlətini məhv etmək üçün and içib. Əgər edə bilirdisə, hakimiyyətdə olanda xəritədə Kərkinin adını dəyişib “Tiqranaşen” edərdi də, niyə etmədi, on il nə işlə məşğul oldu?”.
Keçmiş deputatın sözlərinə görə, Robert Köçəryan Ermənistanın əmlakını Rusiyaya satmayıb, təhvil verib: “Həbsxanaları günahsız insanlarla doldurdu, bizim qanımızın üzərindən hakimiyyətə gəldi. Robert Köçəryan adı və soyadı irtica anlayışını ifadə edir”.