BAKI, 23 sentyabr. TELEQRAF

Ermənistan Baş naziri Nikol Paşinyan Nyu-Yorkda BMT Baş Assambleyasının sessiyası çərçivəsində keçirilən “Concordia” sammitinin panel müzakirəsində ölkəsi ilə Azərbaycan arasında sülh və bunun nəticəsində yaranan imkanlara dair sualları cavablandırıb.

Teleqraf xəbər verir ki, o, sülhün nəticələrindən biri kimi “Tramp marşrutu” (TRIPP) layihəsinə diqqət çəkib.

Nikol Paşinyan qeyd edib ki, hazırda əsas işlər TRIPP layihəsinin icrasına yönəlib və bunun nəticəsində regional kommunikasiyalar tam şəkildə açılacaq: “Bu, ölkəmiz və iqtisadiyyatımız üçün yeni bir dövr açacaq”.

Baş nazir Ermənistanla ABŞ arasında informasiya texnologiyaları və süni intellekt sahəsində əməkdaşlıqdan danışıb. Paşinyan vurğulayıb ki, ötən il avqustun 8-də ABŞ ilə imzalanmış anlaşma memorandumunun nəticəsində Ermənistanda bir il ərzində süni intellekt üzrə üç mərkəz yaradılıb və onlardan ikisi irimiqyaslı investisiya layihələridir.

Baş nazir enerji sahəsində özünütəminetməyə nail olmaq imkanları, enerji saxlama stansiyalarının yaradılması, yeni atom elektrik stansiyasının tikintisinə yönəlmiş addımlarla bağlı sualları da cavablandırıb.

ABŞ və Avropa İttifaqı ilə münasibətlərdən danışan Nikol Paşinyan qeyd edib ki, hər iki istiqamətdə strateji tərəfdaşlıq qurulub: “Ermənistan hökuməti balanslaşdırılmış və balanslaşdırma xarakterli xarici siyasətini daha da dərinləşdirməyə davam edəcək”.