BAKI, 23 sentyabr. TELEQRAF
Almaniyanın Ermənistandakı səfiri Klaudiya Buş Sünik bölgəsinə səfər edib.
Teleqraf xəbər verir ki, bu barədə Almaniya səfirliyi məlumat yayıb.
“Dəniz səviyyəsindən 2350 metr yüksəklikdə günəşli və temperaturun 18 dərəcə Selsi olduğu Sünik qapılarından isti-isti salamlar”, - səfirliyin məlumatında bildirilib.
Qeyd edilib ki, Klaudiya Buş digər Avropa İttifaqı (Aİ) ölkələrinin səfirləri ilə birlikdə sərhəd bölgələrində yaşayan insanlar üçün perspektivlər açan layihələr haqqında məlumat əldə etmək üçün Ermənistanın ən cənub bölgəsinə səfər edib.
Xatırladaq ki, Süniklə bağlı gündəmdə olan əsas layihə “Tramp marşutu”dur (TRIPP). Söhbət Azərbaycanın əsas hissəsi ilə Naxçıvan Muxtar Respublikasını birləşdirəcək nəqliyyat dəhlizindən gedir.