BAKI, 23 sentyabr. TELEQRAF
Gürcüstanın iqtisadiyyat və davamlı inkişaf naziri Mariam Kvrivişvili Çin nəqliyyat naziri Liu Vey ilə görüşüb.
Teleqraf xəbər verir ki, görüşdə nəqliyyat sahəsində səmərəli koordinasiyanın təmin edilməsi üçün dəmir yolu, dəniz, avtomobil nəqliyyatı və mülki aviasiya istiqamətlərinin aidiyyəti qurum və təşkilatlarını birləşdirəcək birgə işçi qrupunun yaradılması imkanları müzakirə olunub.
Anakliyanın dərin dəniz limanına Orta Dəhlizin əsas infrastruktur layihələrindən biri kimi xüsusi diqqət yetirilib. Gürcüstanın məqsədi dəniz və dəmir yolu şəbəkələrinin ötürücülük qabiliyyətini iki dəfə, hava limanlarının infrastrukturunun ümumi ötürücülük qabiliyyətini isə üç dəfə artırmaqdır. Dəmir yolunun modernləşdirilməsi layihəsinə və hərəkət heyətinin genişmiqyaslı yenilənməsinə xüsusi diqqət yetirilib.
Görüşdə Orta Dəhlizin gələcək inkişafına, səmərəliliyinin və rəqabət qabiliyyətinin artırılmasına toxunulub. Bu kontekstdə Pekində Qlobal Dayanıqlı Nəqliyyat Forumu çərçivəsində Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun ötürücülük qabiliyyətinin, etibarlılığının, səmərəliliyinin və rəqabət qabiliyyətinin yaxşılaşdırılmasına dəstək verilməsi ilə bağlı qəbul edilmiş birgə təşəbbüsə diqqət çəkilib. Bu təşəbbüs iştirakçı ölkələr arasında müxtəlif istiqamətlərdə əməkdaşlığın gücləndirilməsini nəzərdə tutur.