BAKI, 23 sentyabr. TELEQRAF

Bu gün Bakıda Səudiyyə Ərəbistanı Krallığının Milli Gününün 96-cı ildönümü münasibətilə rəsmi qəbul keçirilib.

Teleqraf xəbər verir ki, tədbir iki ölkənin dövlət himnlərinin səsləndirilməsi ilə başlayıb.

Tədbirdə çıxış edən Səudiyyə Ərəbistanının Azərbaycandakı səfiri İssam bin Saleh əl-Cuteyli bildirib ki, iki ölkə arasında münasibətlər 1991-ci ildən başlayır və yüksək səviyyəli qarşılıqlı səfərlər sayəsində müxtəlif sahələrdə əhəmiyyətli inkişaf əldə olunub:

“Qarşıdakı dövrdə Səudiyyə Ərəbistanı ilə Azərbaycan arasında investisiya və ticarət dövriyyəsinin həcmini qısa müddətdə iki dəfə artırmağa imkan verən bir çox ortaq imkanlar mövcuddur”.

Fəxri qonaq qismində çıxış edən Baş nazirin müavini Samir Şərifov isə iqtisadiyyat, ticarət, investisiya, alternativ və bərpa olunan enerji, yaşıl keçid və turizm sahələrində əməkdaşlığın daha da dərinləşdiriləcəyini bildirib:

“Azərbaycan-Səudiyyə Ərəbistanı Hökumətlərarası Birgə Komissiyasının növbəti, doqquzuncu iclasının ilin sonunadək Azərbaycanın ev sahibliyi ilə keçirilməsi nəzərdə tutulur”.

Tədbir bədii proqramla davam edib.