BAKI, 23 sentyabr. TELEQRAF
“Ortaq mənəvi dəyərlər, dini-mədəni köklər, ənənəvi dostluq və qardaşlıq üzərində qurulmuş Azərbaycan və Səudiyyə Ərəbistanı dövlətləri arasında əlaqələrin və əməkdaşlığın yüksələn xətlə və dinamik inkişafı bizi sevindirir”.
Teleqraf xəbər verir ki, bu fikirləri Baş nazirin müavini Samir Şərifov Səudiyyə Ərəbistanı Krallığının 96-ci Milli Günü münasibətilə keçirilən rəsmi qəbulda deyib.
Samir Şərifov vurğulayıb ki, iqtisadiyyat, ticarət, sənaye, investisiya, alternativ və bərpa olunan enerji, yaşıl keçid, turizm və digər sahələrdə əməkdaşlığımızın daha da dərinləşdirilməsi üçün qarşılıqlı fəaliyyət bundan sonra da davam etdiriləcək:
“Bu baxımdan Azərbaycan və Səudiyyə Ərəbistanı hökumətlərinin yaratdığı iqtidadi əməkdaşlıq üzrə müştərək komissiya ölkələrimiz arasında müxtəlif sahələrdə əlaqələrin möhkəmləndirilməsində vacib rol oynayır.
Müştərək komissiya dövlət başçıları tərəfindən əməkdaşlığın daha da inkişaf etdirilməsi ilə bağlı verilmiş tapşırıqların icrasını təmin etmək baxımından effektiv mexanizmlərdən biridir”.
Baş nazirin müavini vurğulayıb ki, hazırda Komissiyanın növbəti iclasına hazırlıq mərhələsindədir:
“Ümid edirik ki, bu ilin sonunadək Azərbaycan tərəfinin ev sahibliyi ilə keçirilməsi nəzərdə tutulan doqquzuncu iclas əməkdaşlığımızı keyfiyyətcə yeni məzmunla zənginləşdirəcək:
“Xüsusi olaraq onu da vurğulamaq istərdim ki, Azərbaycan dövlətinin qərarına əsasən, 2026-cı ilin fevral ayından etibarən ilkin olaraq bir il ərzində ümumvətəndaş pasportuna malik Səudiyyə Ərəbistanı vətəndaşları Azərbaycana vizasız səfər edə biləcəklər. Biz qarşılıqlı səfərlər istiqamətində daha geniş praktiki fəaliyyətə tam hazırıq”.