BAKI, 23 sentyabr. TELEQRAF

“Ermənistanla Rusiya arasındakı münasibətlərin transformasiyaya ehtiyacı var, amma bu, münasibətlərin kəsilməsinə gətirib çıxarmamalıdır”.

Teleqraf xəbər verir ki, bunu Ermənistan parlamentinin Xarici Əlaqələr Komitəsinin sədri Sərkis Xandanyan deyib.

Deputatın sözlərinə görə, Rusiya artıq Ermənistanın təhlükəsizliyinin qarantı ola bilməz, regionda münaqişə başa çatıb, Ermənistanla Azərbaycan arasında sülh bərqərar olub:

“Bütün bu halları nəzərə almaq və münasibətlərimizi yeni reallığa uyğunlaşdırmaq lazımdır. Bu, Ermənistanla Rusiya arasında münasibətlərin kəsilməli olduğu anlamına gəlmir. Əksinə, Ermənistan-Rusiya münasibətlərinin inkişafı üçün böyük potensial var, amma bunun şərti Rusiyanın Ermənistanın suveren qərarlarına hörmət etməsidir”.

Xandanyan qeyd edib ki, İrəvan Rusiya ilə mövcud problemləri, o cümlədən iqtisadi məsələləri müzakirə etməyə və onları sakit şəraitdə, danışıqlar yolu ilə həll etməyə çalışmaqda davam edəcək.

Deputat bildirib ki, Ermənistana bir sıra mühüm strateji, xüsusilə regional infrastrukturların blokadadan çıxarılması və açılması ilə bağlı məsələləri həll etmək lazımdır, İrəvan bu baxımdan İrəvan dəmir yolları məsələsini çözməlidir:

“Bir tərəfdən də TRIPP proqramının həyata keçirilməsi blokadanın aradan qaldırılması üçün böyük imkanlar açır, digər tərəfdən isə, əgər infrastrukturun blokadadan çıxarılması baxımından TRIPP yeganə fəaliyyət göstərən layihə olaraq qalarsa, bizim problemlərimiz yaranacaq”.

Parlamentarinin fikrincə, Ermənistanın dəmir yolu infrastrukturu ölkənin xarici dünya ilə əlaqəsinin təmin edilməsi vəzifəsinə uyğunlaşdırılmalıdır. O, bu məsələnin Rusiya ilə dostluq və sakit şəraitdə həll ediləcəyinə ümid etdiyini söyləyib.