BAKI, 23 sentyabr. TELEQRAF
“Azərxalça” Açıq Səhmdar Cəmiyyəti İdarə Heyətinin sədri Emin Məmmədov Teleqraf İnformasiya Agentliyi və “Baku TV”nin suallarını cavablandırıb.
Müsahibəni təqdim edirik:
“Baku TV”: İstərdik elə son mühüm qərarlardan başlayaq. “Azərxalça” faktiki olaraq yeni mərhələyə keçir. Prezident İlham Əliyevin bir neçə gün əvvəl imzaladığı fərmanla “Azəripək” sizə birləşdirildi, Qax Damazlıq İpəkçilik Stansiyası da qurumun tabeliyinə keçdi və artıq xammaldan ixraca qədər bütöv istehsal zəncirinin koordinasiyası sizə həvalə olunub. Sizcə bu dəyişiklik hansı ciddi nəticələri bərabərində gətirəcək? Yəni 6 ay sonra hansı konkret göstəricilərə baxıb deyə biləcəyik ki, bu islahat uğurlu alınıb?
- Bizim komanda “Azərxalça”ya beş il əvvəl, 2021-ci ildə cənab Prezident İlham Əliyevin Sərəncamı ilə gəlib. “Azərxalça” isə 2016-cı il may ayının 5-də dövlət başçısının Sərəncamı ilə yaradılıb. Sözsüz ki, bunun arxasında Azərbaycanın xalçaçılıq sənətinin mədəni irsimizdə qorunması dayanır. Çünki xalçaçılıq sənəti hər birimizin identifikasiya kodudur. Hər birimiz bu cür evlərdə böyümüşük. Yəni, nənələrimizin evlərində xana, müasir sözlə, desək, hər evdə xalça toxumaq üçün dəzgahlar var idi. Hər kəsin evində xalça toxunurdu. Ona görə də hər birimizdə bu mədəni irsimizə, tariximizə bağlılıq var. Biz ilk addımlarımızı xalça üzərində atırıq, xalça ilə yaşayırıq, həmçinin rəhmətə gedəndə son yolçuluğumuza xalça üzərində yola salınırıq.
.jpg)
Başqa tərəfdən xalçaya siyasi məqsədinə görə də diqqət yetirmək lazımdır. Çünki oturaq xalqlarda xalçaçılıq sənəti yayğındır, köçəri xalqların belə bir adəti yoxdur. Bu gün təəssüflər olsun ki, müxtəlif qonşularımız bizim xalçalara qarşı iddialarla çıxış edir. Xalçaçılıq məktəblərimiz var. Burada söhbət tək Qarabağ xalçalarından getmir. Bu yaxınlarda qonşularımızdan biri Qazax xalçası ilə bağlı iddia irəli sürüb ki, guya onlara məxsusdur. Ona görə də biz xalçaçılıq sənətimizi, mədəni irsimizi qorumaqla həm də o tarixi qoruyuruq. Eyni zamanda müasir dövrdə inkişaf etdiririk. Çünki hər birimiz istəyirdik ki, bizim gələcək nəsil xalça sənətinin nümunələrini tək muzeydə görməsin, bu sənət yaşasın, Azərbaycanla birlikdə inkişaf etsin və müasir dövrə uyğunlaşsın.
Xalçaçılıq sənətini yaşatmaqdan danışırıq. Hazırda müxtəlif sənət növləri - musiqi, poeziya inkişaf edir. Xalçaçılıq sənəti XXI əsrə uyğunlaşsa, həm mədəni irsimizi qoruyacağıq, həm də illər sonra antik xalçalar kimi müxtəlif hərraclarda satılacaq və sözsüz ki, muzeylərdə sərgilənəcək. Çox güman, son 5 ildə aparılan islahatlar çərçivəsində görülən işlər ölkə başçısı tərəfindən bəyənilir ki, cənab Prezidentin fərmanı ilə ipəkçilik, baramaçılıq və sənətkarlıq bir qurumda birləşdirildi. Hazırda “Azərxalça”nın 11 emalatxanası ölkəmizin müxtəlif bölgələrində yerləşir.
Biz bütün hesabatlarımızı, görüləcək işləri və gözlənilən addımlarımızı arayış şəklində hazırlayıb təqdim edəcəyik. 6 ayda sözsüz ki, ciddi dəyişiklik edə bilmərik. “Azərxalça” son beş ildə inkişaf edib, əminik ki, qarşıdakı 5-7 il ərzində bizə birləşən yeni qurumlarla birlikdə inkişaf edə biləcəyik.
Teleqraf İA: Bu fərman və struktur yenilikləri fonunda, “Azərxalça” ASC-nin cari ilin 8 ayı üzrə fəaliyyətini necə qiymətləndirirsiniz və bu il üçün əsas prioritet istiqamətləriniz nədən ibarətdir?
- Biz “Azərxalça” olaraq, üç il əvvəl başa düşdük ki, xalçaçılıq sənətinin inkişaf etməsi üçün müəyyən yeniliklər gətirilməlidir. Misal üçün, “Azərxalça” bu günə qədər heç vaxt ipək xalça toxumamışdı, yalnız yun xalçaların toxunuşu ilə məşğul olmuşdu. İpək xalçanın maya dəyəri üç-dörd dəfə baha olsa da, onun satış qiyməti də yun xalçadan qat-qat bahadır. “Azərxalça” olaraq o çətin mərhələyə girdik və ipək xalçalarımızı toxumağa başladıq. Bunun üçün xammalı “Azəripək”dən əldə etmişik. Bizim texnoloqlar, istehsalat rəhbərliyi gedib onlarla birlikdə xalçaya uyğun ip-sap istehsalatına başladı. Hazırda oturduğumuz bu xalça “şourum”unda da ipək xalçalar çoxluq təşkil edir. Sözsüz ki, ipək xalçalar da bizə böyük inkişaf gətirir. Satışda da bu xalçalara olduqca yüksək maraq var.

Bundan başqa biz yeni kolleksiyalar yaradırıq. Yeni kolleksiyalarda yun-ipək qarışığı olan xalçalar toxunur. Son 8 ayda hədəflərimiz və məqsədlərimizə uyğuna atılan addımlarla yanaşı, xarici ölkələrdə sərgilər də təşkil edirik. Çünki təbliğat çox vacibdir. Müxtəlif ölkələrdə sərgilərimizi keçiririk. İrəliyə baxanda, tam xalçaçılıq da deməzdim, ipəkçiliyin sənət əsərlərini də nümayiş etdirəcəyik. Əminik ki, yerli və xarici bazarlara yeni məhsulla çıxmağa başlayacağıq.
“Baku TV”: Maliyyə tərəfinə toxunsaq, 2025-ci ilin audit olunmuş hesabatında “Azərxalça”nın əsas əməliyyat gəlirləri 5,35 milyon manatdan 7,81 milyon manata yüksəlib, bu təxminən 46 faiz artım deməkdir. Lakin şirkət ili 393 min manatdan çox xalis zərərlə başa vurub və əməliyyat fəaliyyətindən pul axını 2,2 milyon manat mənfi olub. Son rəqəmlər yığılmış zərərin 25 milyon manata yaxın olduğunu göstərir. “Azərxalça” nə vaxt dövlət dəstəyindən asılı olmayan, öz əməliyyat fəaliyyəti hesabına davamlı mənfəət yaradan şirkətə çevrilə bilər? Bunun üçün konkret tarix və ya rentabellik hədəfi qoymusunuzmu?
- Söhbətimizin əvvəlində qeyd etdiyim kimi, komanda olaraq “Azərxalça”ya 2021-ci ildə gəlmişik. Amma bu qurumun əsası 2016-cı ildə qoyulub. Yəni, bizdən əvvəl 5 illik bir fəaliyyət olub. Yəqin ki, əvvəlki rəhbərlik tərəfindən hədəflər, gələcəyə yönəlik addımlar və məqsədlər düzgün qurulsaydı, fəaliyyəti düzgün olardı, ölkə rəhbərliyi bundan razı qalardı, onlar da öz fəaliyyətlərinə davam edərdilər. Mən tək deyiləm, bizim komanda var, pandemiyadan sonra idi, biz “Azərxalça”ya gələndə tam iflas etmiş, bankrot olmuş bir təşkilat səviyyəsində idi. Bütün emalatxanalar üzrə kommunal, eləcə də bölgələrimizdə toxucularımızın məvacibi ilə bağlı borclar yığılıb qalmışdı. Hətta bəzi emalatxanalar düzgün yerdə qurulmamışdı. Sözsüz ki, hər bir rəhbərə etimad olunur ki, o, istiqaməti düzgün tutsun. Təəssüflər olsun, o yük bizim üzərimizə düşdü. Bizim üçün də ilk addım keçmiş borcları bağlamaq, kommunal xərcləri ödəməkdən ibarət oldu. “Azərxalça”nın 700 əməkdaşının maaşını vermək böyük çətinliklər yaradırdı. Çünki təşkilatın ştat cədvəli lazım olmayan adamlarla doldurulmuşdu. Bütün bunları həll etmək sözsüz ki, vaxt apardı. Məqsədimiz o idi ki, “Azərxalça”nı tamamilə yeni şəffaf idarəyə çevirə bilək. İndi isə bu qurumda rəqəmlər şəffafdır. Bütün rəqəmləri elan edirik, şəffaflığı ictimaiyyətlə bölüşürük. Toxucularımızın maaşı da şəffafdır. Çünki toxucularımız işəmuzd maaş alır. Bu isə yaxşı, orta və aşağı səviyyəli toxucular arasındakı fərqi göstərmək üçün atılan addımdır. Orta səviyyəli toxucu yaxşı toxucuya çevrilmək üçün bilməlidir ki, nə işlər görməlidir. Çünki hər bir yaxşı toxucu qat-qat yüksək maaş alır. Rəqəmlərə toxunanda görürsünüz ki, istiqamət müsbətdir və artıq 46 faiz artım var. Digər göstəricilərimizdə də islahatlarımıza görə 81 faiz irəliləyiş mövcuddur. Bu, 2024-cü illə 2025-ci il arasındakı müqayisədə belədir. Əminik ki, indiki şərtlərlə qurulan təşkilat tezliklə, dövlət dəstəyindən xilas olacaq. Amma onu da unutmamalıyıq ki, biz mədəni irsimizi qorumalıyıq. Xalça bəlkə də o qədər rahat satılmır. Hamımız başa düşürük ki bu, bahalı məhsuldur, eyni zamanda bir brenddir. Biz qısa vaxtda “Azərxalça”nı brendə çevirmişik. Brend adı ilə artıq bizi tək ölkəmizdə deyil, xaricdə də hər kəs tanıyır. Xaricdən bizə “Azərxalça” brendi olaraq sifarişlər gəlir. Çünki onlar o keyfiyyəti görürlər.
.jpg)
“Azəripək”in də işi çox yaxşı olsaydı, ölkə başçımız bu qurumla bağlı islahatlar aparmazdı. Əminəm ki, göstəricilərimizi çox tez müddətə qat-qat düzəldəcəyik.
Teleqraf İA: Sizin hədəfiniz odur ki, “Azərxalça” yaxın dövrdə dövlətə gəlir gətirən bir şirkətə çevrilsin. Qarşıdakı dövr üçün bunu real hesab edirsinizmi?
- Tamamilə doğrudur. Cənab Prezidentimizin rəhbərliyi altında Azərbaycanın adı necə zirvələrdə səslənirsə, biz də addımlarımızla ölkəmizin, “Azərxalça”nın adını dünyanın müxtəlif bölgələrində ucaltmaq niyyətindəyik.
“Baku TV”: İxrac potensialına gəldikdə, 2023-cü ildə istehsalın 22,5 faizinin ixrac edildiyini, ABŞ, Avropa və Əbu-Dabi kimi satış istiqamətlərini açıqlamışdınız. Bu gün “Azərxalça”nın gəlirlərinin neçə faizi real ixracdan gəlir və yaxın illərdə bu payı hansı səviyyəyə çatdırmağı hədəfləmisiniz? Hansı bazarlar hazırda sizin üçün daha gəlirlidir?
- Son illər biz tamamilə yeni bir məhsul istehsal etmişik. Biz başa düşmüşük ki, dünya üzrə kütləvi istehsalat o qədər də vacib deyil. Çünki orada tamamilə başqa bir rəqabət gedir. Ona görə bizim yeni kolleksiyalarımız qat-qat baha satılan kolleksiyalardır və tanınmış rəssamlar, dizaynerlərlə qurulan kollaborasiya əsasında təşkil olunur. Hazırda bizim ixrac faizimiz ortalama eyni qalır. Amma göstəricilər qat-qat yüksəkdir. Çünki kolleksionerlərin çoxu Bakıya gəlib yerindəcə kolleksiya ilə tanış olur və məhsulu əldə edir. Yəni ödənişi burada edir. Bəlkə də rəqəmlərdə görünmür. Amma bu satışları üzərinə əlavə etsək, rəqəmlər qat-qat yüksəkdir. Çünki yaratdığımız kolleksiyaların 30-40 faizi xaricə gedir. Xarici kolleksionerlər bizim xalçalara bir sənət əsəri kimi baxır. Çünki onların hər biri məhdud saydadır. Bəziləri 5 ədəd, bəziləri 10 ədəd istehsal olunub. Yaratdığımız kolleksiyalar turizm potensialını da artırır. Gələn insan yarım günlük gəlmir. İki-üç gün burada qalır, Bakımızı görür, bizimlə tanış olur, əsəri görür, rəssamla tanış olur və xalçanın ödənişini burada edib özü ilə aparır. Ona görə bu bir tərəfdən bəlkə də ixrac kimi görünmür, amma dediyim kimi bu xalçaların 30-40 faizi xaricə satılır. İşlədiyimiz bazarlara gəlincə, bəli, ABŞ-yə satışlarımız çoxdur. Amma son illər Şərq ölkələrindən maraq çoxalıb, oradan sifarişlər gəlir.
.jpg)
“Baku TV”: Statistika varmı, ildə neçə kolleksioner Azərbaycan xalçası üçün ölkəmizə gəlir?
- Kolleksionerlər spesifik olaraq bizim kolleksiyamız üçün ölkəmizə gəlirlər. İldə bir dəfə "Beynəlxalq Xalça Festivalı" keçiririk, bütün kollaborasiyalarımızı və kolleksiyamızı birləşdirib həmin vaxt təqdim edirik. Oktyabr ayının sonunda Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın təşəbbüsü ilə ikinci “Bakı Art Weekend” festivalı keçiriləcək və bu çərçivədə dünyanın müxtəlif nöqtələrindən kolleksionerlər gəlir. Keçən il “Bakı Art Weekend” çərçivəsində səkkiz-doqquz kollaborasiyalı xalça satdıq. O xalçalar dediyim kimi qat-qat bahalı xalçalardır. Onların qiyməti 15-20 min manat civarındadır. Builki festivaldan gözləntimiz ondan ibarətdir ki, təqdimatlarımıza yeni kolleksionerlər də qatılacaq və satışlar qat-qat artacaq.
Teleqraf İA: Bakıda keçirilən Beynəlxalq Xalça Festivalının builki mövzusu “Xalça sənayesi: dəyərin yaradılması, brendinq və dünya bazarına inteqrasiya” idi. Bu tədbirlər Azərbaycan xalçaları üçün vitrindir, yoxsa artıq real satış platformasına çevrilib?
- Məncə, hər ikisi... Bu il üçüncü Xalça Festivalını keçirdik. İnanmayacaqsınız, məncə bəlkə də ölkəmizdə keçirilən festivallardan ən böyüyü bizim festivaldır. Ölkə rəhbərliyinə təkliflə müraciət etdik ki, biz xalça ölkəsiyik, bizi hər kəs xalça ölkəsi kimi tanıyır, böyük bir festival keçirək. Niyə də Azərbaycanı dünya bazarına çıxaran xalçaçılıq sənətinə aid mötəbər tədbir keçirməyək? Ölkə rəhbərliyi tərəfindən bu ideya bəyənildi və bizə təklif oldu ki, gəlin, test şəkildə keçirin. O qədər gözəl və maraqla keçdi ki, artıq ənənəyə çevrildi və hər il biz bu festivalı təşkil edirik. Bu tədbiri böyük bayrama çevirmişik. Biz hər kəsə, əsasən gənc nəsilə göstərməyə çalışırıq ki, heç kim xalçaçılıq sənətini unutmasın. Xalçaçılıq hər bir azərbaycanlımızın identifikasiya kodundadır. Ona görə də uşaqlarımız, gənclərimiz onunla böyüməlidir. Festivala gələn hər kəs xalça toxuya bilər, burada ölkəmizin bütün bölgələrindən toxucularımız iştirak edir.
.jpg)
Xalçaçılıq sənəti ilə məşğul olan bütün ölkələrin qarşılaşdığı problemlər odur ki, xərclər və qiymət artır. Bəs bu məhsulla bazara çıxmaq üçün neyləmək lazımdır? Festivalda Azərbaycan xalçaçılıq sənətinin təqdimatı ilə yanaşı müxtəlif kolleksionerlər, istehsalatçılar, xalçaçılıq sənəti üzrə ticarətlə məşğul olan dostlarla ünsiyyətdə oluruq. Beynəlxalq təcrübədən istifadə edərək onların çıxışlarına diqqət edirik, görək onlar maya dəyərini aşağı salmaq, keyfiyyəti yuxarı qaldırmaq və beynəlxalq bazara çıxmaq üçün hansı instrumentlərdən istifadə edirlər.
“Baku TV”: Bu ilin mayında demisiniz ki, Azərbaycan xalçası maya dəyərinə görə Hindistan, Əfqanıstan və Nepal istehsalı ilə rəqabət apara bilməz və “Azərxalça” kütləvi deyil, yüksək keyfiyyətli, məhdud sayda məhsul strategiyası seçib. Amma bir tərəfdən də qurumun regionlarda məşğulluğu artırmaq kimi sosial missiyası var. Az istehsal edib daha çox insanı işlə təmin etmək iqtisadi baxımdan necə mümkün olacaq?
- Hindistan, Əfqanıstan və Nepalla ömründə maya dəyəri ilə rəqabət apara bilmərik. Hindistanda toxucu gündə on saat işləyir və iki dollar pul alır. Manata çevirsək, bu, toxucunu öldürmək deməkdir. Heç kim toxumayacaq. Ona görə də biz o islahatları apararkən başa düşdük ki, kütləvilikdən əl çəkməli, qat-qat yüksək keyfiyyətli və maraqlı yeni bir kolleksiya yaratmalıyıq. Yun xalçalardan ipək xalçalara keçdik, həm yun-ipək qarışıq, həm də müasir qat-qat baha satılan kollaborasiyaların istehsalına başladıq. İpək xalçanın istehsalı yun xalçadan 3 qat çox vaxt aparır. Bizim yeni kolleksiyalarımız həm sıxlığa, həm mürəkkəbliyə görə çətin toxunur. Statistikaya baxsanız, toxucularımızın sayı azalmır və məşğulluq daha çox artır. Daimi bütün emalatxanalarımızda təlimlər keçiririk ki, gənc toxucuları cəlb edək. Toxucularımızın məvacibləri mürəkkəbliyə və ipəkçiliyə görə faiz olaraq artır. Qeyd etdiyim kimi, şəffaf olaraq hər bir toxucu işəmuzd məvacib alır. Ona görə toxucularımızın da marağı var. Bizim komanda “Azərxalça”ya gələndə orta toxucunun yaşı 65 idi. Çox ciddi problem idi. İndi orta toxucularımızın yaşı 45-47 arasındadır. Ortalama 20 yaş gəncləşdirmişik və dediyim kimi, bütün emalatxanalarımızda daimi təlimlər keçirilir, gənc nəsli dəvət edirik. Bu fonda məşğulluq çox önəmli bir məsələdir. “Azərxalça”nın unikalığı odur ki, işçilərimizin sayının 85 faizi kənd qadınlarıdır. Rayon qadınları da yox, kənd qadınlarıdır.
Teleqraf İA: Regionlardan söz düşmüşkən, yerli xammaldan istifadə olunması xalçanın maya dəyərinə necə təsir göstərir? Bununla bağlı bir statistika varmı?

- Ölkə başçısının ipəkçiliyin inkişafına dair sərəncamı var. Çünki ipəkçiliyin inkişaf etməməsi o deməkdir ki, “Azərxalça” olaraq məcburiyyət qarşısında qalıb xammalımızı xaricdən almağa məcbur olacağıq. İpəkçiliyin əsas xammalı, yem bazası tut ağaclarıdır. Tut ağaclarının sayına, analizinə başlamışıq. Tut ağacları əkilməlidir. Onların artımı, yem bazasının yaradılması ipəkçiliyin inkişafına gətirib çıxaracaq. İpəkçiliyin inkişafı ilə yerli məhsulu yerli xammaldan istehsal edəcəyik. Çünki yerli məhsul xarici xammaldan istehsal olunursa, yenə deyə bilərik ki, xammalda 30-40 faiz gedir xaricə. Ona görə də bizim əsas hədəfimiz yalnız yerli xammaldan istehsaldır.
“Baku TV”: 2025-ci il məlumatına görə, “Azərxalça”da 693 əməkdaş çalışır və onların 520-si qadın toxuculardır. Maraqlıdır, bu gün gənc bir qadının xalçaçılığı peşə kimi seçməsi üçün duyğusal arqumentlərdən ziyadə hansı iqtisadi səbəbləri var? Toxucular bu peşədə stabil və rəqabətqabiliyyətli gəlir, karyera görə bilirlərmi?
- Bizim də istəyimiz budur. Ona görə daimi təlimlər keçiririk, mədəni irsimizin, tariximizin və xalçaçılıq sənətinin qorunması üçün gənc xanımlarımızı dəvət edirik. Bəs gənc xanımı cəlb etmək üçün nə eləməliyik? Sözsüz ki, bunun arxasında iqtisadiyyat var. Qadın başa düşür ki, işləyib evə pul aparmalıdır. Biz işəmuzd əməkhaqqı tətbiq edirik. İlk gündən toxucularımıza izah edirik, baxın, ilməni keyfiyyətli, sürətli vurmaq çox maraqlıdır, məvacibdə mürəkkəb xalçalara görə ayrı, ipək toxumağa görə ayrı faiz hesablanır. Bizim 85 faiz toxucularımız kənd qadınlarıdır. İki-üç gün və ya bir həftə işləyəndən sonra başa düşürlər ki, bəli, mən bu sahəni, sənəti öyrənim. Niyə də yox?! Bizim emalatxanamızın nəqliyyatı var. Hər səhər avtobusumuz kəndbəkənd dolaşır, toxucularımızı toplayır, emalatxanaya gətirir, axşam da kəndbəkənd geri qaytarır. Bu da böyük dəstəkdir. Yayda istidə, qışda soyuqda bilir ki, kəndindən avtobusa minəcək, qadın kollektivi ilə işləyəcək, həm yaxşı maaş əldə edəcək, həm də yeni sənət öyrənib xalçaçılıq sənətini qoruyacaq, həmçinin rahat şəraitdə çalışacaq.
Teleqraf İA: Regionlarda xalçaçılığın inkişafı ilə bağlı növbəti addımlar nədən ibarət olmalıdır və bu sahə üçün ölkənin hansı bölgələri daha uyğun hesab olunur?
- Biz əslində ölkəmizin hər bir bölgəsində varıq. Bəli, islahatlar çərçivəsində bəzi emalatxanaları toxuculara zərər vurmadan birləşdirdik. Dediyim kimi, nəqliyyat bütün bölgələrdən toxucularımızı toplayıb emalatxanalara gətirir. Biz görürük ki, ölkə üzrə islahatlar gedir və cənab Prezident tərəfindən işğaldan azad olan torpaqlara həm həyat qayıdır, həm də insanlar evlərinə qayıdır. Əminik ki, tezliklə orada insanların sayı artandan sonra toxucularımızla birgə qayıda bilərik. İnanırıq ki, Qarabağ bölgəsinə qayıdıb xalçaları tam yerində, vətənində toxuyacağıq. Gələcək hədəflərimiz sırasında Qarabağda bizim emalatxanalarımızın yenidən qurulması da dayanır. Çox istərdik ki, oradakı gənc nəslin nümayəndələrinə də təlim keçək. Biz bəzən müzakirə edirik ki, bəli, xalça sözsüz ki, nəsilbənəsil toxununca gözəldir. Amma bu elə bir sənətdir ki, heç xalçaçılığı bilməyən bir xanım gözəl təlim alandan sonra çox yaxşı bir toxucu ola bilər.
“Baku TV”: Qarabağ xalça məktəbinə həsr olunan “44” adlı xüsusi kolleksiyanız var. Bəs Şuşa, Ağdam, Füzuli, Laçın və digər azad edilmiş ərazilərdə daimi emalatxanalar, ustad-şagird proqramları və yerli toxucu məktəbləri yaratmaq üçün konkret planlar varmı? Məktəbləri yenidən qurmaq istiqamətində hansı addımlar atılır? Bu məktəbi yurda qaytarmaq mümkündürmü və bununla bağlı planlar varmı?
- Bəli, sözsüz ki, var. Biz xalçalarımıza yeni baxışla bağlı ilk kollaborasiyamızı Azərbaycanın əməkdar rəssamı Rəşad Ələkbərovla birlikdə həyata keçirdik. Qarabağ artıq azad olunub. Ölkə başçımız Qarabağa yeni nəfəs, yeni həyat gətirir. Fikirləşdik ki, biz də Qarabağ xalçasının ənənəsini qoruyaraq, həm müasir bir əsər yaradaq, həm də Qarabağ xalçasına yeni baxış gətirək. “Qarabağ xalçalarına yeni baxış” kolleksiyasına aid “44” adlı xüsusi kolleksiyanı təqdim etdik. Təqdimatdan sonra biz başa düşdük ki, insanlar artıq yeni xalçaların yaradılmasına, islahatlara hazırdır. İki həftə ərzində bu kolleksiya ilə bağlı sifarişlər aldıq. Həmin xalçaların təxminən 18-i xarici kolleksionerlərin kolleksiyalarına daxil oldu. Bundan sonra anladıq ki, müasirləşmiş sənət əsəri kimi xalçaya böyük istək var. Biz gözləyirik ki, insanlar yavaş-yavaş yurdlarına qayıtsın və Qarabağ xalçalarımız da öz yurdunda toxunsun.
.jpg)
“BAKU” TV: Elə bu mövzunun davamı olaraq, perspektivdə Qarabağda “Azərxalça”nın ayrıca bir filialının və ya böyük istehsal mərkəzinin açılması ilə bağlı təşəbbüslər varmı?
- Var, artıq danışıqlar da gedir. Biz bu hədəflərlə bağlı həm İqtisadiyyat Nazirliyi, həm də Qarabağ Dirçəliş Fondu ilə sıx işləyirik. Artıq işlərə başlanılıb və tezliklə ölkə rəhbərliyinə təqdimat verəcəyik. Əminəm ki, tezliklə həmin emalatxanada görüşüb oradakı toxucularımızla birlikdə müsahibə verə biləcəyik.
Teleqraf İA: Gələcəkdə ekoloji təmiz xalça istehsalı üçün yerli ipəkdən və laboratoriyalarda hazırlanan təbii boyaq maddələrindən istifadəni genişləndirmək nə dərəcədə mümkündür və bu istiqamətdə işlər necə gedir?
- Hər ipək xalça ekoloji cəhətdən təmiz məhsuldur. Artıq təbii boya kimi soğandan, zəfərandan istifadə ilə bağlı çox böyük istehsal imkanımız yoxdur. Əvvəllər nənələrimiz aylarla xalça toxuyurdular. Bizdə isə 500 toxucu toxuyur.
Dünya üzrə ABŞ, İsveç kimi ölkələrin ekoloji istehsal olunan boyaları var. Biz daim o şirkətlərlə işləyirik. Xammalı özümüz boyayırıq. Yüksək keyfiyyətli ekoloji boyalardan istifadə edirik.
Çünki bu xalçalardan idarələrdə, ofislərdən daha çox evlərdə istifadə edilir. Kolleksiyaçıların şəxsi muzeyləri, kolleksiyaları var. Təşkilatlar da bizdən həmişə bu sertifikatları istəyirlər. Ona görə bu, çox önəmli bir məsələdir, onu nəzarət altında saxlayırıq.
“Baku TV”: Əgər Azərbaycan xalçasını xaricdə premium brend kimi satmaq istəyiriksə, alıcı onun harada, kim tərəfindən və hansı materialla toxunduğunu bilməlidir. “Azərxalça” QR kodlu sistemdən istifadə edir. Növbəti mərhələdə hər xalçanın toxucusunu, emalatxanasını, materialını və çeşnisinin mənşəyini göstərən tam rəqəmsal pasport və beynəlxalq orijinallıq sistemi yaratmaq niyyətiniz varmı?
- Bəli, belə bir QR kodumuz var. Biz QR kodda olan məlumatları gündən-günə inkişaf etdiririk. Artıq QR kodda tək xalça deyil, toxunan, dəzgahdan kəsilən tarix, ilmə sayı, emalatxana əksini tapıb. Yəni insan bilir ki, bu xalça məsələn, Qəbələ emalatxanasında toxunub, ilmə sayı bu qədərdir, filan tarixdə toxunub. Bəzi muzeylərə səfərlər çərçivəsində ölkə başçımız, Birinci-vitse prezidentimiz Mehriban xanım tərəfindən hədiyyə olaraq xalça verilir. Bu sənət əsəri həmin muzeyin daimi kolleksiyasına daxil olubsa, artıq ekspozisiyada varsa, bu məlumatlar sənətşünaslara elmi iş zamanı da kömək edəcək. Bu məlumatlar Azərbaycanın xalçaçılıq sənətinin qorunması deməkdir. Biz burada da beynəlxalq təcrübəyə nəzər yetiririk, daha hansı məlumat əldə olunmalıdırsa, əldə edirik.
Teleqraf İA: Azərbaycan xalçasını xarici bazarlarda müasir interyer trendlərinə uyğunlaşdırmaq üçün Faiq Əhməd və Rəşad Ələkbərov kimi müasir rəssamlarla layihələr həyata keçirmisiniz. Bu istiqamətdə daha hansı yeni layihələr nəzərdə tutulur?
- Bizim çox uğurlu bir layihəmiz oldu. İstanbulda yaşayan daha çox moda dizayneri kimi fəaliyyət göstərən Rüfət İsmayılla əməkdaşlıq qurmuşuq. Rüfət İsmayıl da Azərbaycan xalçalarından beşini seçib və beşindən çox müasir, gözəl bir kolleksiya yaratdı. Moda dizayneri bir az başqa cür yanaşır. Seçilən həmin 5 xalçadan yalnız 25 ədəd toxundu. O kolleksiya çox böyük diqqət çəkdi. “Paşa Holding” kolleksiyanın yaradılmasına böyük dəstək oldu və biz də bu fikri alqışladıq. “Azərxalça” ildə ən azı 3-4 dəfə müxtəlif ölkələrdə böyük sərgilər keçirir. O xalçalar da sərgilərin və kolleksiyanın içindədir. Sərgidən sonra həmin xalçalar o muzeylərə hədiyyə verilir və onlar da daimi ekspozisiyaya daxil edirlər. Ona görə də inkişaf var və belə bir kolleksiyalar, kollaborasiyalar gələcək üçün böyük bir dəstəkdir. Həmçinin bizim tanınmış və müasir rəssamımız, hazırda İtaliyada yaşayan Aydan Salahova ilə iki çox böyük uğurlu əməkdaşlığımız oldu. Aydan xanımla yaratdığımız kolleksiyaların hər birində məhdud sayda 20 ədəd xalça var idi. Onların hər biri uğurla satıldı və yarısından çoxu xarici kolleksionerlərə getdi. Çünki Aydan xanımın adı dünyada da çox tanınıb.
Dünya üzrə çox tanınmış almaniyalı xalçaçı dizayner Yan Kat adlı sənətkar var. Onun dünya üzrə bəlkə yüzlərlə mağazası mövcuddur. Onun bu günə qədər müxtəlif ölkələrdə yaratdığı kolleksiyalar var idi, amma Azərbaycanla bağlı nümunə yox idi. Biz Yan Kata müraciət etdik və o da təklifimizə maraq göstərdi. Yan Kat və onun komandasını Azərbaycana dəvət etdik, Yan Katla çox böyük bir kolleksiya yaratdıq. Azərbaycan ənənəvi xalçasından müasirliyə, yəni bizim bütün ənənəvi dizayn çeşidini götürərək “Yan Kat” brendi altında müasir kolleksiya yaratdıq. Amma kolleksiyaların adı “Azer Pulse” (Azərbaycanın nəbzi) deyə bütün dünyaya və onun dünyadakı “şourum”larına çıxdı.
“Baku TV”: Bir tərəfdən UNESCO səviyyəsində qorunan ənənəvi xalçaçılıq irsi var, digər tərəfdə isə Rəşad Ələkbərov, Faiq Əhməd və Yan Kat kimi müasir sənətçilər var. Sizin üçün sərhəd haradadır? Hansı nöqtədən sonra yenilik Azərbaycan xalçasının yaradıcı inkişafı deyil, tarixi identikliyinin itirilməsi olur? Xalçaçılıq sənətimizdə yeni dizaynlara son qərarı kim verir: dizayner, xalçaçı ustalar, sənətşünaslar, yoxsa bazar?
- 16 il əvvəl Birinci vitse-prezident Mehriban xanım Əliyevanın təşəbbüsü ilə Azərbaycan xalçası UNESCO -nun qeyri-madddi irs siyahısına daxil edildi. Bu, Azərbaycan tarixində mühüm bir hadisə idi. Artıq Azərbaycan xalçası dünyada özünə layiq olduğu yeri tutmuş oldu. Eyni zamanda yaradılan yeni xalça kolleksiyaları, birliklər, yerli və xarici rəssamların “Azərxalça” ilə əməkdaşlığı sayəsində yeni nümunələr ortaya çıxır. Burada da Azərbaycan xalçası, toxuculuq sənəti, çeşnisi qorunaraq yeniliklər gətirilir. Sözsüz ki, onlar yeni çeşni yaratmırlar, sadəcə olaraq onu müasirləşdirirlər. “Azərxalça”nın təqdimatında da biz haradan hara bir yol qət etdiyimizi nümayiş etdiririk. Yerli dizaynerlərimiz olan Fərid Rəsulov, Aydan Salahova və xarici dizaynerlərdən olan Yan Katla birlikdə yeni əsərin təməlində dayanan çeşninin hansı Azərbaycan xalçaçılıq məktəbinə aid olduğu əksini tapır. İnsanlar da artıq o tarixi gördükdən sonra buna dəyər verməyə başlayır. Çünki biz sıfırdan başlamırıq və ancaq öz tarixi xalçaçılıq ənənələrimizə və çeşnilərimizə istinad edirik.

Əgər yeni bir dizayner və rəssam nə isə sifariş edə bilərsə, bu, artıq yenilik olur. Bu, sadəcə olaraq gəlir əldə etmək üçün edilən cəhdlərdir. Ona görə də təmsil olduğumuz birliklərdə bu amili önə çəkirik. Yeni təşkilatlarla da əməkdaşlıq etdikdə Azərbaycan xalçasının ornamentlərini qorumaqla məşğul oluruq. Xalçaçılıq sənəti Azərbaycan xalqının tarixi və mədəni irsidir.
Teleqraf İA: Bütün bu sadalananların fonunda, hazırda “Azərxalça”nın qarşısında duran əsas çətinliklər və global çağırışlar nədən ibarətdir?
- Həyat o qədər sürətlə inkişaf edir ki, biz də bazarımızı, satışımızı qorumaq üçün daimi olaraq hərəkətdə olmalıyıq. Bu gün "Azərxalça" tərəfindən ənənəvi xalçalar da toxunur. Çünki buna da tələbat mövcuddur. Bəzən müasir interyer dizaynerlər ənənəvi xalça istəyir. Çünki müasir interyerlərdə ənənəvi xalçanın olması onlar üçün də mütləqdir. Amma biz ənənələri saxlamaqla yanaşı, "Azərbaycan xalçası" brendi altında inkişaf etmək üçün daimi olaraq axtarışdayıq. Çətinliklərimiz yeni və daha gözəl məhsul çıxarmaq istəyi ilə bağlıdır. Amma burada da çıxardığın məhsul rəqabətli və cəlbedici olamlıdır ki, müştərilər buna maraq göstərsinlər.
“Baku TV”: 25 avqust fərmanı sizdən 6 ay ərzində xalçaçılıq, baramaçılıq və ipəkçilik məhsullarının brendləşdirilməsi və ixracının təşviqi ilə bağlı təkliflər hazırlamağı tələb edir. Bu tələb fonunda 5 il sonra dünyada Azərbaycan xalçasının hansı xüsusiyyətlərlə assosiasiya olunmasını istəyirsiniz?
- İstərdik ki, dünyada insanlar xalça "butik"lərindən Azərbaycan xalçasını tələb etsinlər. Onlar bilsinlər ki, belə gözəl xalçalar var. Dünyanın müxtəlif ölkələrində Azərbaycan xalçasının istənilməsi, alınması bizim xalçaçılıq sənətimizin yaşaması deməkdir.
Teleqraf İA: Sonda bir qədər şəxsi, amma sənətlə bağlı bir sual vermək istərdik. Atanız, tanınmış rəssam Səlhab Məmmədovdan bu sahənin idarə olunması və estetik yanaşması ilə bağlı hansı tövsiyələri alırsınız?
- Belə bir ailədə böyüdüyüm üçün incəsənətə bağlı olmuşam. Təhsilimi də bu sahə ilə bağlı almışam. Tez-tez uşaqlıq illərini xatırlayıram. Demək olar ki, atamın rəssamlıq emalatxanasında böyümüşəm. Anam da həmişə işdə olduğu üçün günün ikinci yarısını atamın emalatxanasında keçirmişəm. Burada Azərbaycanın görkəmli rəssamlarını görmüşəm və uşaq yaşlarımdan onları tanımışam. Sözsüz ki, bu, mənim üçün estetik zövqün formalaşması baxımından böyük dəstək olub. Atamın emalatxanası ilə yanaşı, digər emalatxanaları da gəzmişəm.
İndi də atamla məsləhətləşirəm. Rəssamlıq Akademiyasında dərs deyirəm və oradakı rəssamlarla ünsiyyətdə oluram. Həmçinin atamın tövsiyələri ilə gənc rəssamlarla daimi olaraq ünsiyyətdəyəm. Atamın tövsiyələri mənim üçün vacibdir. Sizinlə müsahibəyə gələndə, səhər yeməyində soruşdu ki, neyləyəcəksən? Dedim Teleqraf İnformasiya Agentliyi və “Baku TV”yə müsahibə verəcəm. Soruşdu ki, nədən danışacaqsan? Dedim ki, nə danışacağam, yüz faiz xalçadan... Daimi olaraq atamla ünsiyətim var.
.jpg)
Sözsüz ki, hamımız xalçamıza sevgimizi göstərməliyik. Bir hədiyyə və suvenir seçəndə Azərbaycanın məhsullarından almalıyıq. Çünki adicə stəkan altlığı üçün nəzərdə tutulan suvenir, xalçanın alınması belə bir toxucuya dəstəkdir.
Buna baxmayaraq dövlətimiz tərəfindən Azərbaycan xalçaçılıq sənətinin yaşadılması, onun ənənələrinin qorunub saxlanılmasına hər zaman olduğu kimi böyük dəstək var. Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən Azərbaycan xalçaçılıq sənətinin qorunması və gələcək nəsilə ötürülməsi üçün hər cür dəstək göstərilir.
Bu il “Azərxalça” özünün 10 illik yubileyini qeyd etdi. Bununla yanaşı həm də "Toxucu Günü" də elan edilir. Bu isə o deməkdir ki, dövlətimiz bu sahəyə olduqca önəm verir. Xalça festivalını da məhz mayın ilk həftəsində qeyd edirik. Bu il də cənab Prezident İlham Əliyevin Sərəncamı ilə "Azərxalça"nın 18 əməkdaşı - toxucusu “Tərəqqi” medalına layiq görüldü. Bu isə toxucularımıza verilən ən böyük mənəvi dəstək idi. Həmin toxucular bizim bölgələrimizi təmsil edir. Sözsüz ki, toxucularımız sırasında gənc və yaşlı nəslin təmsilçiləri var. Ölkə rəhbərliyi tərəfindən atılan bu addım gənc nəslə, toxuculara verilən mesaj idi ki, onlar bu sənətə böyük maraq göstərsinlər. Bizim yaşlı nəsli təmsil edən toxucularımıza medalları təqdim edəndə onlar böyük heyrət içərisində idilər. Deyirdilər ki, biz inana bilməzdik, ölkə başçısının imzası ilə bizim də medalımız olacaq. Bu da sözsüz ki, həmin şəxslər üçün bir nümunəvi xarakterə malikdir. Onların ailə üzvləri də biləcək ki, onların yaxınları tarixi mədəni irsimizin qorunmasına çalışıb.
