BAKI, 23 sentyabr. TELEQRAF
“Ermənistanı və Rusiyanı kifayət qədər uzun və ağrılı danışıqlar prosesi gözləyir. Bu proses zamanı iki ölkə arasındakı iqtisadi əməkdaşlığın prioritetləri müəyyənləşdiriləcək”.
Teleqraf xəbər verir ki, bunu rusiyalı politoloq Andrey Kortunov bildirib.
Ekspertin fikrincə, Ermənistanın Avropa İttifaqı ilə yaxınlaşması Rusiya ilə “ailə münasibətləri”ndən çıxmaq deməkdir: “Ermənistan bununla ailənin üzvü olmaqdan çıxır və qonşuya çevrilir, özü də ən yaxın qonşuya yox. Çünki Rusiyanın Ermənistanla ümumi sərhədi yoxdur”.
Kortunova görə, bu, mütləq Ermənistanın “dost olmayan ölkələr” siyahısına daxil edilməsi demək olmasa da, belə münasibətlər faydaların və imkanların kifayət qədər ölçülüb-biçilmiş şəkildə uzlaşdırılmasını nəzərdə tutacaq: “Məsələn, Rusiya Ermənistanın müəyyən ixrac kateqoriyalarına qarşı daha sərt tələblər müəyyənləşdirə bilər”.
Politoloq vurğulayıb ki, çox şey nüfuzlu maraq qruplarının əməkdaşlığın müəyyən formatlarını lobbiləşdirə bilib-bilməyəcəyindən asılı olacaq. Andrey Kortunov “Qazprom” və “Rosatom” kimi oyunçuların iki ölkə arasındakı münasibətlərdə mühüm rol oynayacağını güman edir:
“Çox şey həmçinin “Rusiya Dəmir Yolları”nın Ermənistanda öz mövcudluğunu qoruyub saxlaya bilib-bilməyəcəyindən asılı olacaq. Yəni bir sıra “ağırçəkililər” iki ölkənin iqtisadi münasibətlərinə təsir göstərə bilərlər. Bundan əlavə, çox şey Rusiya və Ermənistanın müəyyən çoxtərəfli strukturlar çərçivəsində, məsələn, ŞƏT-də və ya regionda yarana biləcək çoxtərəfli birliklər çərçivəsində qarşılıqlı fəaliyyət göstərə bilib-bilməyəcəyindən asılıdır”.