BAKI, 22 sentyabr. TELEQRAF
“Nvidia” şirkətinin texnologiyalarından istifadə edən məlumat emalı mərkəzinin fəaliyyətə başlaması ilə Ermənistan süni intellekt sahəsində ABŞ-nin bölgədə infrastruktur mərkəzinə çevrilir.
Teleqraf xəbər verir ki, bu barədə “Bloomberg” agentliyi məlumat yayıb.
Nəşr xatırladıb ki, avqustda ABŞ-nin “Firebird” startapı İrəvandan 45 kilometr məsafədə yerləşən Hrazdan şəhərində yeni məlumat mərkəzini istifadəyə verib. 2027-ci ilin sonuna qədər obyektin gücünün 300 MVt-a çatacağı və onun texniki əsasını ABŞ-nin “Nvidia” şirkətinin 70 mindən çox qabaqcıl çipi təşkil edəcəyi gözlənilir. Həmçinin qeyd olunub ki, mərkəzin resurslarının 20%-i ölkənin daxili ehtiyacları üçün ayrılıb, qalan 80%-i isə xarici şirkətlərə icarəyə veriləcək. “Firebird” startapından nəşrə bildirilib ki, Hrazdan məlumat mərkəzi regionun ən böyük hesablama klasterinə və Avropanın ən böyüklərindən birinə çevrilə bilər.
“The Wall Street Journal” bundan əvvəl yazmışdı ki, Vaşinqton “Nvidia”nın süni intellekt çiplərinin ixracına icazədən İrəvana qarşı diplomatik alət kimi istifadə edib: “ABŞ-nin bu fonda Ermənistandan gözləntisi budur ki, Amerika ilə dərinləşən iqtisadi əməkdaşlıq İrəvanı Bakı ilə sülh danışıqlarında daha konstruktiv mövqe tutmağa sövq edəcək”.