BAKI, 2 oktyabr. TELEQRAF
Fransa və Türkiyə NATO-nun Azərbaycan və Ermənistanla əməkdaşlığını genişləndirmək planlarını bloklayır.
Teleqraf xəbər verir ki, bu barədə “Politico” məlumat yayıb.
Nəşrin yazdığına görə, iki ölkə ilə yeni tərəfdaşlıq sazişlərinin təsdiqlənməsi bir ildən artıqdır gecikir:
“Fransa Azərbaycanla ikitərəfli fikir ayrılıqlarına görə Bakının NATO ilə tərəfdaşlığının genişləndirilməsinə mane olur. Türkiyə isə Ermənistanla bağlı sənədin təsdiqlənməsinə qarşı çıxır və hər iki sazişin eyni vaxtda təsdiqlənməsini tələb edir”.
Mənbə qeyd edib ki, təklif olunan tərəfdaşlıq çərçivəsində birgə hərbi təlimlərin, hazırlıq proqramlarının və siyasi əməkdaşlığın genişləndirilməsi nəzərdə tutulur.
NATO diplomatları hesab edirlər ki, yaranmış vəziyyət Ermənistan və Azərbaycanın Qərblə yaxınlaşmaq səylərinə mənfi təsir göstərə bilər.