BAKI, 2 oktyabr. TELEQRAF

Monteneqro 2028-ci ildə Avropa İttifaqına (Aİ) üzv olması üçün nəzərdə tutulan tarixə qədər Aİ qanunvericiliyinin tam tərcüməsini çatdırmaya bilər.

Teleqraf xəbər verir ki, Avropa Komissiyası bu səbəbdən müvəqqəti həll yollarının mümkünlüyünü müzakirə edir.

Monteneqro on minlərlə hüquqi aktı əhatə edən Aİ-nin bütün hüquqi bazasını öz rəsmi dilinə tərcümə etməlidir. Amma Brüsseldə işlərin nəzərdə tutulan müddətdə başa çatdırılmasının mümkün olmayacağı ilə bağlı narahatlıqlar var.

“Euronews”un məlumatına görə, mümkün variantlardan biri Monteneqroya müəyyən müddət ərzində Aİ-nin digər rəsmi dillərindən birindən istifadəyə icazə verilməsidir. Ən real variant kimi xorvat dili nəzərdən keçirilir, çünki bu dil serb və bosniya dilləri ilə birlikdə eyni dil qrupuna daxildir və Monteneqroda anlaşılır. Amma bu variant siyasi problem yarada bilər. Monteneqro uzun illərdir monteneqro dilinin ayrıca rəsmi dil kimi statusunu beynəlxalq səviyyədə möhkəmləndirməyə çalışır. Qərbi Balkanda dil məsələləri milli kimliklə sıx bağlıdır.

Avropa Komissiyası əvvəllər də belə istisnalardan istifadə edib. Məsələn, Malta və İrlandiyaya müəyyən müddət ərzində Aİ-nin bütün qanunvericiliyini öz rəsmi dillərinə tərcümə etməməyə icazə verilib.