BAKI, 2 oktyabr. TELEQRAF

Avropa İttifaqı (Aİ) Şurasının Şərqi Avropa və Mərkəzi Asiya üzrə İşçi Qrupunun (COEST) nümayəndə heyəti oktyabrın 2-də Şuşa şəhərində olublar.

Teleqraf xəbər verir ki, Azərbaycan Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəsi Aydın Kərimov qonaqlara şəhərin tarixi, işğal dövründəki vəziyyəti və şəhər işğaldan azad olunandan sonra burada aparılan bərpa-quruculuq işləri barədə məlumat verib.

Nümayəndə heyətinin Şuşa ilə tanışlığı Aşağı Gövhərağa və Yuxarı Gövhərağa məscidlərindən başlayıb.

Aİ Şurasının nümayəndələri daha sonra Şuşa şəhərinin mərkəzi meydanında Azərbaycanın tanınmış şəxsiyyətləri Natəvan, Bülbül və Üzeyir Hacıbəylinin güllələnmiş heykəllərinə baxıblar.

Səfər çərçivəsində xarici nümayəndələr Şuşa şəhərində birinci yaşayış kompleksində yaradılan şəraitlə də tanış olublar. Təməli 2021-ci ildə qoyulan yaşayış kompleksinin açılışı 2024-cü il mayın 10-da olub. Bütün evlər Şuşanın ənənəvi üslubunda inşa edilib. İyirmi üç binadan ibarət yaşayış kompleksində sakinlərin rahat yaşaması üçün hər cür şərait yaradılıb. Keçmiş məcburi köçkünlər doğma şəhərlərinə qayıdaraq yaşayış kompleksində məskunlaşıblar.

Qonaqlar, həmçinin Şuşanın qala divarları ilə tanış olublar. Onlara Şuşa şəhərinin tarixi, qala divarlarının tikilməsi barədə məlumat verilib. Şuşa işğaldan azad edildikdən sonra qalada təmir-bərpa işləri aparılıb.

Nümayəndə heyəti Şuşada Qazançı kilsəsi ilə də tanış olub.