BAKI, 30 sentyabr. TELEQRAF

Rusiya ordusu sentyabrın 27-də Ukraynada müharibənin başlamasından bəri ən yüksək gündəlik itki verib.

Teleqraf xəbər verir ki, bu barədə Böyük Britaniya Müdafiə Nazirliyinin kəşfiyyat hesabatında deyilib.

Qeyd edilib ki, Rusiyanın həmin gün 2090 ölü və yaralısı olub. “Bu, Rusiya-Ukrayna müharibəsinin bütün dövrü ərzində qeydə alınmış ən yüksək sutkalıq göstəricidir”, - Böyük Britaniya Müdafiə Nazirliyi bildirib.

Ümumilikdə bu, Rusiya ordusunun sutkalıq itkilərinin 2000 nəfəri ötdüyü cəmi dördüncü haldır. Bundan əvvəlki üç rekord isə 2024-cü ildə qeydə alınıb.

Qurum vurğulayıb ki, Rusiyanın itkilərinin səviyyəsi yay aylarından etibarən davamlı olaraq yüksək olaraq qalır. Bu, Rusiya ordusunun Donetsk vilayətində, xüsusilə Dobropillyada yerləşən “qala qurşağı” istiqamətində hücum cəhdlərini davam etdirməsi ilə əlaqələndirilir.