BAKI, 2 oktyabr. TELEQRAF
Rusiyalı Yuri Alekseyev bir neçə ildir Ermənistanda özünün qazdığı torpaq daxmada yaşayır. Bu, ən yaxın kənddən 8 kilometr aralıda yerləşir və “Üzüklərin hökmdarı” filmindəki hobbit daxmalarına bənzəyir.
Teleqraf xəbər verir ki, Almaniyanın “Bild” nəşri onun haqqında yazıb.
Yuri əvvəllər Moskvada yaşayıb. Ukraynada müharibə başladıqdan sonra Rusiyanı tərk etmək qərarına gəlib. Müharibəyə etiraz olaraq evinin qarşısına “Müharibəyə yox” şüarı yazılmış lövhə asıb. Buna görə 15 günlük həbs olunub, çıxdıqdan sonra isə Ermənistana köçüb.
Yuri əvvəlcə beş ay İrəvanda yaşayıb, sonra isə isti hava səbəbindən dağlara köçmək və orada özünə palçıq daxma tikmək qərarına gəlib. O, ianələr və reklam gəlirləri ilə dolanır, gündəlik həyatını sosial mediada yayımlayır.
Yuri həmçinin dulusçuluqla da məşğuldur. O, öz əlləri ilə şamlar və gil qablar düzəldir və bunları Ermənistandan gələn turistlərə suvenir kimi satır. Daxmasında günəş enerjisi ilə işləyən keramik soba da var.
Yuri “Bild”ə tənhalıqdan qorxmadığını və özünə qulluq edə bildiyini bildirib.