BAKI, 2 oktyabr. TELEQRAF

Türkiyədə Mərkəzi Hakimlər Komitəsinə (MHK) qarşı aparılan istintaq çərçivəsində yeni qalmaqallı yazışmalar üzə çıxıb.

Teleqraf xəbər verir ki, İstanbul Respublika Baş Prokurorluğunun apardığı araşdırmalar zamanı MHK sədri Ferhat Gündoğdu ilə hakim Yasin Kol arasında matçlara hakim və VAR təyinatları ilə bağlı gizli dialoqların olduğu müəyyənləşib.

2025-ci il mayın 26-da aparılan yazışmalarda Yasin Kol Ferhat Gündoğduya hakim namizədlərinin yer aldığı siyahı göndərərək “Siz necə uyğun görürsünüzsə” ifadəsini işlədib.

Gündoğdunun “Başqa kim ola bilər?” sualına Kol əvvəlcə “Erkan Engin olsun”, daha sonra isə “Özgür Yankaya olsa, daha yaxşı olar” cavabını verib.

Yazışmalarda Özgür Yankayanın VAR təyinatı da müzakirə olunub. Gündoğdu onun yanında AVAR-da kimi görmək istədiyini soruşduqda, Kol “Atilla olsun” cavabını verib. MHK sədri isə “Atilla VAR, Özgür abi AVAR olsun” deyə qarşılıq verib.

Bundan başqa, Ali Şansalan, Mehmet Salih Mazlum və Sarper Barış Sakanın adlarının yer aldığı başqa bir təyinat müzakirəsi də aparılıb.

Qeyd edək ki, Yasin Kol və Ferhat Gündoğdu “Hakimlər işi” istintaqı çərçivəsində hüquq-muhafizə orqanları tərəfindən saxlanılıblar.