BAKI, 1 oktyabr. TELEQRAF
Prezident Volodimir Zelenski Qara dənizdə bir hədəfin, Oryol vilayətində zərbə dronlarının buraxıldığı və saxlanıldığı məntəqənin, Samara vilayətində neft obyektinin və Bryansk vilayətində Rusiya qoşunlarının təminat anbarının vurulduğunu açıqlayıb.
Teleqraf xəbər verir ki, bu barədə o, sosial mediada yazıb.
“Bu gün də uzaqmənzilli zərbələrimizin mühüm nəticələri var. Qara dənizdə bir hədəf, həmçinin Oryolda zərbə dronlarının buraxıldığı və saxlanıldığı məntəqə vurulub. Samarada neft obyektinə, Bryanskda işğalçıların təminat anbarına da “sanksiyalar” tətbiq olunub”, - Zelenski bildirib.
O vurğulayıb ki, hazırda məhz belə ədalətli cavablar lazımdır, Ukrayna bundan sonra da Rusiyanı bu müharibəni davam etdirmək imkanından məhrum edəcək:
“Xəstə Rusiyanın müharibəsini başladığı yerə geri qaytarmaq üçün çalışan bütün müdafiəçilərimizə təşəkkür edirəm. Onlar müdafiə sənayesində çalışan minlərlə insandır; onlar Ukraynanın Rusiyanın bütün zərbələrinə cavab vermək imkanının olması üçün çalışırlar. Həmçinin hər gün müharibəyə xidmət edən Rusiya hədəflərini aşkar edən və vuran minlərlə döyüşçüdür”.