BAKI, 30 sentyabr. TELEQRAF
Norveç parlamenti pedofiliya və digər cinayətlərdə ittiham olunan amerikalı maliyyəçi Ceffri Epşteynin ölkənin siyasətçiləri və diplomatları ilə əlaqələrini araşdırır.
Teleqraf xəbər verir ki, məsələ ilə əlaqədar Norveç parlamenti ictimai dinləmələrə başlayıb.
“Reuters”in yazdığına görə, məsələ Nobel Sülh Mükafatının verildiyi və tez-tez beynəlxalq diplomatiyanın mühüm mərkəzi olan Norveçdə ciddi mübahisələr və problemlər yaradıb.
Norveç parlamentinin Nəzarət və Konstitusiya Komitəsi 2005-2012-ci illərdə xarici işlər naziri vəzifəsində çalışmış Baş nazir Yonas Qar Stere də daxil olmaqla, 11 hazırkı və bir sabiq naziri çağırıb.
Stere dinləmə zamanı Epşteynlə heç vaxt şəxsi münasibətlərinin olmadığını iddia edib.
Parlament Epşteynlə əlaqəli sənədlərdə aşkarlanan məsələlər və faktları araşdırmaq üçün ekspertlərdən ibarət komissiya formalaşdırıb. “Reuters”in məlumatına görə, bu addım Norveç hökumətinin işinin dürüstlüyünü və şəffaflığını artırmaq məqsədi daşıyır. Araşdırma komissiyasının nəticələri 2028-ci ilin əvvəlində təqdim etməsi gözlənilir.