BAKI, 29 sentyabr. TELEQRAF

“Keçmişin irsini rədd etməmək, ondan ən yaxşısını götürmək vacibdir”.

Teleqraf xəbər verir ki, bunu Belarus Prezidenti Aleksandr Lukaşenko deyib.

O bildirib ki, ölkədə SSRİ dövründən qalan bütün istehsal potensialını inkişaf etdirməyə çalışırlar:

“Biz sovet dövründən qalma heç nəyi itirməmişik, heç nəyi bağlamamışıq, fəaliyyətini dayandırmamışıq. Əksinə, inkişaf etdirmişik. Klassikin də söylədiyi kimi, biz nəhənglərin çiyinləri üzərində dayandığımız üçün bu, indi sahib olduğumuz şeylərin qorunub saxlanmasına kömək etdi”.

Lukaşenkonun sözlərinə görə, bu, istənilən dövlət üçün vacibdir:

“Burada Çin bizim üçün nümunədir. Biz Si Cinpinlə dostuq, bu mövzunu onunla tez-tez müzakirə edirik. O da mənə tez-tez deyir ki, Çində heç nəyi rədd etməyiblər: nə Mao Tszedun, nə Den Syaopin dövrünü - heç kimi. Onlar hər şeyin ən yaxşısını götürüblər. İndi Çinin inkişafının nəticəsinə baxın. O, dünyanın aparıcı iqtisadiyyatıdır, aparıcı ölkədir və hamı onunla hesablaşmağa məcburdur. Çini sevsən də, sevməsən də, amerikalılar kimi, amma onunla hesablaşmağa məcbursan”.

Belarus lideri vurğulayıb, buna görə də keçmişdə olanları rədd etmək və kənara atmaq lazım deyil: “Bundan istifadə etməyə və onu inkişaf etdirməyə çalışmaq lazımdır. Məhz bu baxımdan biz bəzi məsələlərdə müəyyən uğurlar əldə etmişik”.