BAKI, 10 avqust. TELEQRAF

“Qərb ölkələrinin Ukraynaya vəd etdiyi maliyyə vəsaiti tez göndərilsə, Krımdakı hərbi hədəflərə zərbələri yeddi dəfədən çox artırmaq olar”.

Teleqraf xəbər verir ki, bunu Ukraynanın Pilotsuz Sistemlər Qüvvələrinin komandanı Robert Brovdi deyib.

Brovdi “Associated Press”ə müsahibəsində bildirib ki, Ukraynanın Krıma zərbələri yarımadanı Rusiya ordusu üçün dayaq məntəqəsi kimi yararsız vəziyyətə gətirməyə yönəlmiş kampaniyanın ilk mərhələsidir:

“Krım müharibənin başa çatdırılmasına aparan yolda əsas konseptual sütunlardan biridir”.

Komandanın sözlərinə görə, Pilotsuz Sistemlər Qüvvələri Krım kampaniyasını tam gücü ilə həyata keçirmək üçün tələb olunan təminatın yalnız 14 faizinə malikdir:

“Məsələ Ukrayna istehsalçılarının istehsal güclərinin bizə tələb olunan sayda dron istehsal etməyə imkan verməməsində deyil. Problem tərəfdaşlarımızın ayırdığı maliyyənin gecikməsindədir. Onlar vəsait ayırsalar da, bunlar bizim planlaşdırdığımızdan çox yavaş gəlir”.