BAKI, 8 noyabr. TELEQRAF

“Ruslar bu gün səhər FPV dronları ilə Komişuvaxaya hücum ediblər. Halbuki burada 55 nəfərin həyatına son qoyan əvvəlki aviabomba zərbəsindən sonra artıq yeddinci gündür qəza-xilasetmə işləri davam edir və təəssüf ki, dağıntılar altında hələ də insanların qala biləcəyi ehtimal olunur. Bu, mütləq həyasızlıq və qəddarlıqdır”.

Teleqraf xəbər verir ki, bu sözləri Ukrayna Prezidenti Volodimir Zelenski deyib.

“Gecə saatlarında Dnepropetrovsk vilayətinə də hücum olub. Ruslar enerji infrastrukturunu hədəfə alıblar və Dnepr şəhərində, eləcə də vilayətdə 600 mindən çox insan elektrik enerjisiz qalıb. Xarkov vilayətində vəziyyət ağırdır. Ümumilikdə, bir çox regionda elektrik enerjisinin verilməsində fasilələr yaranıb. Təkcə Jitomir vilayətində Rusiyanın hücumundan sonra 140 çoxmərtəbəli yaşayış binası istiliksiz qalıb. Zərər çəkmiş bütün şəhər və icmalarda təmir-bərpa işləri davam edir”, - dövlət başçısı bildirib.

Zelenski qeyd edib ki, Rusiya təkcə bu həftə ərzində Ukraynanın şəhər və yaşayış məntəqələrinə müxtəlif tipli 115 raket, təxminən 1900 idarəolunan aviasiya bombası və 3000-dən çox hücum dronu buraxıb:

“Bunlar arasında ballistik raketlərin də çox olduğu kombinə edilmiş zərbələrdir. Raketlərin əhəmiyyətli bir hissəsi məhz bu il istehsal olunub. Rusiya ballistik raketlərinin istehsalında iştirak edən müəssisələr barədə məlumatları daim tərəfdaşlarımıza təqdim edirik. Oktyabr ayında Ukrayna bu istehsalla əlaqəli fiziki və hüquqi şəxslərə qarşı genişmiqyaslı sanksiya paketləri tətbiq edib. Bu sanksiyaların Avropada və G7 ölkələrinin yurisdiksiyalarında da eyni vaxtda tətbiq olunması olduqca vacibdir.

Əgər dünyanın Ukrayna səmasını qorumaq üçün kifayət qədər ballistik raketlərə qarşı müdafiə vasitələri yoxdursa, o zaman raketləri istehsal konveyerlərində dayandırmaq lazımdır.

Avropa İttifaqının güclü 22-ci sanksiya paketini qəbul edəcəyinə ümid edirik”.