BAKI, 8 noyabr. TELEQRAF
Moldova Prezidenti Maya Sandu Rusiyanın yaxın vaxtlarda ölkədə sabitliyi pozmaq və qeyri-sabitlik görüntüsü yaratmaq üçün yeni cəhdlərə əl atacağını bəyan edib.
Teleqraf xəbər verir ki, bu barədə o, Milli Təhlükəsizlik Şurasının iclasının nəticələrinə dair açıqlamasında bildirib.
Moldova liderinin sözlərinə görə, dünyada Moldovanın Avropa İttifaqına üzvlük istəyindən Rusiya qədər narazı olan başqa ölkə yoxdur: “Rusiya Moldova Respublikasının inkişaf etməsini istəmir. Biz Rusiya Federasiyasının bu addımlarını dəstəkləyən Moldova siyasətçilərini görmüşük”.
Prezident qeyd edib ki, Kişinyov Moskvanın sabitliyi pozmaq cəhdlərinin qarşısını almaq üçün operativ reaksiya verməyə hazır olmalıdır:
“Yaxın aylarda və yalnız bu müddət ərzində deyil, Rusiya Federasiyasının sabitliyi pozmaq, Moldova Respublikasında qeyri-sabitlik görüntüsü yaratmaq, Avropa İttifaqına üzvlük yolumuza maneələr törətmək və bu prosesi çətinləşdirmək üçün yeni cəhdlərinin şahidi olacağıq. Öz ölkəmizdə sabitliyi və sülhü qorumaq üçün hazır olmalı və operativ reaksiya verməliyik”.