BAKI, 9 noyabr. TELEQRAF

Böyük Britaniya, Fransa və Almaniyadan ibarət “Avro üçlüyü”nün nümayəndələri Ukrayna münaqişəsinin nizamlanması ilə bağlı üçtərəfli danışıqlarda iştirak etməyi planlaşdırır.

Teleqraf xəbər verir ki, bu barədə “Politico” nəşri mənbələrə istinadən məlumat yayıb.

Məlumata görə, “Avro üçlüyü” danışıqlarda milli təhlükəsizlik məsələləri üzrə müşavirlər səviyyəsində təmsil olunacaq.

Almaniyalı anonim rəsmi bildirib ki, Əbu-Dabidə keçiriləcək görüş “başlanğıc xarakterli” olacaq və onun ardınca əlavə görüş təşkil ediləcək. Danışıqların yekun formatı isə prosesin gedişindən asılı olaraq müəyyənləşdiriləcək.

O, həmçinin vurğulayıb ki, müşavirlər, böyük ehtimalla, danışıqlarda birbaşa iştirak etməyəcək, sadəcə görüşün yaxınlığında olacaqlar.

Qeyd edək ki, Rusiya, ABŞ və Ukrayna arasında münaqişənin nizamlanmasına dair üçtərəfli danışıqların noyabrın 10-11-də Əbu-Dabidə keçirilməsi planlaşdırılır. Rusiya nümayəndə heyətinə Prezidentin köməkçisi Vladimir Medinski rəhbərlik edəcək.

Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov daha əvvəl danışıqlarda Rusiya və Ukrayna üçün qarşılıqlı təhlükəsizlik təminatlarının müzakirə olunacağını bildirib.

O, həmçinin əvvəlcədən üçtərəfli format razılaşdırıldığı üçün Avropa nümayəndələrinin Əbu-Dabidəki Ukrayna danışıqlarında iştirakının mümkün olmadığını qeyd edib.