BAKI, 9 noyabr. TELEQRAF
Norveçin Baş naziri Yonas Qar Störe Avropadakı həmkarlarını Kreml rəhbəri Vladimir Putinlə telefon danışığına yönəltdiyinə dair tənqidlərinə cavab olaraq Rusiyanı beynəlxalq arenada təcrid etməyə nail olmadıqlarını etiraf etməyə çağırıb.
Teleqraf xəbər verir ki, Yonas Qar Störe bunu “Politico” nəşrinə müsahibəsində bildirib.
“Gəlin bunu etiraf edək. Kreml təcrid olunmayıb”, – deyə Störe deyib.
O, Avropanın Rusiya rəhbərliyi ilə birbaşa danışmaqdan imtina etməsi fonunda Moskvanın eşitdiyi yeganə səsin Vaşinqtondan gəldiyini vurğulayıb.
Qeyd edək ki, oktyabrın 27-də Störe Finlandiya Prezidenti Aleksandr Stubbla birlikdə Vladimir Putinlə telefon danışığı aparıb. Danışıq Ukrayna münaqişəsinə həsr olunub. “Politico”nun yazdığına görə, bu telefon danışığı bəzi Avropa ölkələrində, xüsusilə Danimarka və Latviyada təəccüb və narahatlıq yaradıb. Həmin ölkələrin rəsmiləri Rusiyanın təcrid olunması cəhdlərinin davam etdirilməsinin vacibliyini bəyan ediblər.
Störe müsahibəsində oktyabrın 27-də baş tutan danışığın “işgüzar” xarakter daşıdığını bir daha vurğulayaraq, söhbəti “sağlam müzakirə” kimi qiymətləndirib.
Onun sözlərinə görə, Putin müzakirə olunan məsələlərlə bağlı arqumentlərini həmsöhbətlərinə tam aydın şəkildə çatdırıb.