BAKI, 9 noyabr. TELEQRAF

Fransada “Milli Birlik” Partiyasının prezidentliyə namizədi Marin Le Pen 2027-ci ildə keçiriləcək prezident seçkilərində qalib gələcəyi təqdirdə, Kaya Kallasın rəhbərlik etdiyi Avropa İttifaqının Xarici Fəaliyyət Xidmətini ləğv etməyi planlaşdırır.

Teleqraf xəbər verir ki, bu barədə “Politico” nəşri “Milli Birlik” Partiyasının nümayəndələrinə istinadən məlumat yayıb.

Bildirilir ki, Le Penin tərəfdarları bu qurumun fəaliyyətini səmərəsiz hesab edir və onun suveren dövlətlərin diplomatik fəaliyyətini təkrarladığını düşünürlər.

“Milli Birlik” Partiyasının lideri Jordan Bardellanın müşaviri Şarl-Anri Qalluanın sözlərinə görə, Kallasın rəhbərlik etdiyi qurumun faydası olduqca məhduddur və o, üzv ölkələrin diplomatik fəaliyyətini təkrarlayır.

“Heç kim onun legitimliyini tanımır. Buraya, xüsusilə, ABŞ və Çin də daxildir”, – müşavir bildirib.

Xatırladaq ki, Fransada prezident seçkilərinin birinci turu 2027-ci il aprelin 18-nə təyin edilib. Həmin gün namizədlərdən heç biri 50 faizdən çox səs toplamazsa, ən çox səs qazanan iki namizəd mayın 2-də keçiriləcək ikinci turda mübarizə aparacaq.

Son rəy sorğularına əsasən, Le Pen birinci turun favoritidir və ikinci turda da qalib gəlmək şansı yüksək qiymətləndirilir. Bununla belə, Kassasiya Məhkəməsinin parlament köməkçiləri ilə bağlı iş üzrə Apellyasiya Məhkəməsinin hökmünə verdiyi şikayətlə əlaqədar onun əleyhinə qərar çıxarması Le Penin seçkilərdə iştirakını sual altına qoya bilər.