BAKI, 9 noyabr. TELEQRAF

Finlandiya və Norveç liderləri Rusiya Prezidenti Vladimir Putinlə telefon danışığı aparmaq niyyətlərini öz aralarında aylarla müzakirə ediblər.

Teleqraf xəbər verir ki, bu barədə “Politico” nəşri məlumat yayıb.

Nəşrin məlumatına görə, Finlandiya Prezidenti Aleksander Stubb və Norveçin Baş naziri Yonas Qar Störe Rusiya Prezidenti Vladimir Putinə zəng etmək ideyasını bir neçə ay ərzində gizli şəkildə müzakirə etdikdən sonra bunu həyata keçiriblər.

Stubb və Störe hesab ediblər ki, Rusiya ilə birbaşa dialoqu yalnız ABŞ nümayəndələrinin aparmasına imkan verə bilməzlər. Bu səbəbdən onlar Əbu-Dabidə keçiriləcək yeni danışıqlar ərəfəsində beynəlxalq təmasları bərpa etmək qərarına gəliblər.

Qeyd olunur ki, telefon danışığı transatlantik alyansda parçalanmaya səbəb olub. Stubb və Störe Avropa liderlərinin, eləcə də yüksək vəzifəli diplomatların tənqidi ilə üzləşiblər. Onlardan bəziləri Finlandiya və Norveç liderlərinin addımlarını müttəfiqlərlə lazımi qaydada razılaşdırmadığını hesab ediblər.

Xatırladaq ki, Stubb və Norveçin Baş naziri Yonas Qar Störenin Putinlə telefon danışığı oktyabrın 27-də Finlandiya və Norveç tərəflərinin təşəbbüsü ilə baş tutub. Liderlər Ukraynadakı vəziyyəti, Baltik dənizi və Şimali Avropanın təhlükəsizliyini müzakirə ediblər.

Tərəflər noyabrın birinci yarısında Əbu-Dabidə Rusiya, Ukrayna və ABŞ arasında üçtərəfli danışıqların bərpası ilə bağlı razılaşmanı alqışlayıblar.