BAKI, 8 avqust. TELEQRAF

“Kosovo ilə bağlı mövqe dəyişməz olaraq qalır - Ukrayna Serbiyanın ərazi suverenliyinə hörmətlə yanaşır”.

Teleqraf xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski Belqradda media nümayəndələri ilə söhbəti zamanı deyib.

“Tərəfdaşlarımızın ərazi bütövlüyünə, beynəlxalq hüquqa hörmətlə yanaşırıq, buna görə də Kosovonun birtərəfli müstəqillik elan edilməsi ilə bağlı mövqeyimiz dəyişməz olaraq qalır. Bunu həmişə vurğulamışıq və Ukraynanın siyasəti dəyişməyib”, - o bildirib.

Zelenski ölkəsinin ərazi bütövlüyünə və suverenliyinə, o cümlədən Krımın Ukraynaya mənsub olması məsələsinə hörmət etdiklərinə görə Serbiyaya minnətdar olduğunu qeyd edib.

Prezident xatırladıb ki, Serbiyanın bu mövqeyi də dəyişməzdir.

Yerli medianın yazdığına görə, Ukrayna Kosovonun müstəqilliyini tanımır.

Kosovo 2008-ci ildə Serbiyadan birtərəfli şəkildə müstəqillik elan edən qismən tanınmış respublikadır.