BAKI, 11 noyabr. TELEQRAF
Danimarka Baş naziri Mette Frederiksen Ukraynada müharibənin dayandırılması üzrə Rusiya ilə aparılacaq danışıqlarda Avropanı təmsil etməkdən imtina edib.
Teleqraf xəbər verir ki, bu barədə Danimarkanın DR telekanalı məlumat yayıb.
Frederiksen danışıqlarda Avropanı kimin təmsil etməli olduğu barədə fikir bildirməyib: “Məsələni Dublində müzakirə edəcəyik”.
Jurnalistlərin Avropanın nümayəndəsi olmaq istəyib-istəmədiyi ilə bağlı dəqiqləşdirici sualına Baş nazir mənfi cavab verib:
“Xeyr. Ümid edirəm, Avropanın ortaq mövqeyinin formalaşmasında iştirak edəcəyəm. Amma fəaliyyətimizin mərkəzində Avropa institutları dayanmalıdır”.
Avropa rəsmiləri Ukrayna, ABŞ və Rusiya arasında üçtərəfli danışıqların keçirildiyi Əbu-Dabidədirlər. Amma onlar danışıqlara yalnız ciddi irəliləyiş əldə olunacağı təqdirdə qoşulacaqlar. Avropa israr edir ki, Kreml əvvəlcə müharibəni dayandırmalı, yalnız bundan sonra qitənin təhlükəsizlik arxitekturası müzakirə olunmalıdır.