BAKI, 11 noyabr. TELEQRAF
Portuqaliya Xarici İşlər Nazirliyi NATO baş katibi Mark Ruttenin Rusiyadan qaynaqlanan təhlükəni uzaq və o qədər də əhəmiyyətli hesab etmədiyi barədə açıqlamasını tənqid edib.
Teleqraf xəbər verir ki, bu barədə “Politico” yazıb.
Rutte ötən həftə İspaniya və Portuqaliya kimi Cənubi Avropa ölkələrinin Rusiyanın təcavüzünü özlərindən uzaq hesab etdiklərini bildirib:
“Bəzən İspaniya və ya Portuqaliyadakı müttəfiqlərimizə deyirəm ki, onlar bunun uzaqda olduğunu, Rusiyada baş verənlərin əsasən Polşaya aid olduğunu düşünürlər. Halbuki Rusiyanın ən yeni raketlərinin Lissabona çatması Varşavaya çatmasından cəmi beş dəqiqə çox vaxt aparar”.
Portuqaliya Xarici İşlər Nazirliyi buna cavab olaraq NATO baş katibinin açıqlamalarını “təəssüf doğuran” adlandırıb:
“Portuqaliyanın, onun hökumətinin və xalqının tarixin hansı tərəfində dayandığına heç vaxt şübhə olmayıb. NATO baş katibinin belə ciddi məsələ barədə bu qədər qeyri-ciddi danışması təəssüf doğurur”.
Nazirlik əlavə edib ki, Rutte Ukraynaya qətiyyətlə dəstək verən və Rusiyanın yaratdığı təhlükəni tam dərk edən ölkələri və hökumətləri görməzdən gəlməməlidir.
Kil İnstitutunun Ukraynaya dəstək monitorinqinin hesabatında göstərilir ki, Rusiyanın 2022-ci ildə Ukraynaya qarşı genişmiqyaslı işğalından sonra İspaniya Ukraynaya 1,5 milyard avro dəyərində hərbi və humanitar yardım göstərib. Bu, ölkənin ÜDM-nin 0,2 faizini təşkil edir. Portuqaliya isə 390 milyon avro yardım ayırıb, bu da ÜDM-nin 0,18 faizinə bərabərdir.
2026-cı ilin yazında keçirilən “Eurobarometer” sorğusuna əsasən, Portuqaliyada respondentlərin 92 faizi Rusiyanın Ukraynaya müdaxiləsini Avropa İttifaqının təhlükəsizliyi üçün təhdid hesab edib. İspaniyada isə bu göstərici 82 faiz olub.