BAKI, 12 fevral. TELEQRAF
Norveçin Mərkəzi İqtisadi və Ekoloji Cinayətlər İdarəsi Ceffro Epşteyn işi ilə əlaqədar sabiq baş nazir və Avropa Şurasının keçmiş baş katibi Turbörn Yaqlandın evində axtarış aparıb.
Teleqraf xəbər verir ki, onun digər mülklərində də tədbirlər keçirilib.
Axtarışlar Yaqlandı rəsmi olaraq şübhəli durumuna gətirib. Sabiq baş nazirin dindirilməsi planlaşdırılır, amma dəqiq tarix açıqlanmayıb.
Yaqland jurnalistlərə qısa açıqlama verərək deyib: “Yalnız onu deyə bilərəm ki, bu işin aydınlaşdırılacağından çox məmnunam”.
Epşteynlə bağlı açıqlanmış sənədlər göstərir ki, Turbörn Yaqland onunla əlaqədə olub və ona mənzil alqı-satqısının maliyyələşdirilməsinə kömək edib-etməyəcəyini soruşub. Yaqland bildirib ki, nəticədə bu alış-veriş bank kreditləri vasitəsilə maliyyələşdirilib.
Müvafiq qurum onu araşdırır ki, Yaqland Nobel Komitəsinin sədri (2009-2015) və ya Avropa Şurasının baş katibi vəzifələrində olduğu vaxt hansısa hədiyyə, maliyyə və ya digər xidmətlər alıb-almayıb.