BAKI, 30 dekabr. TELEQRAF
Ukraynanın Rusiya Prezidenti Vladimir Putinin Novqorod vilayətindəki iqamətgahına hücum etdiyi barədə heç bir sübut yoxdur.
Teleqraf xəbər verir ki, bu barədə ABŞ-nin Müharibə Araşdırmaları İnstitutu (ISW) bildirib.
Amerikalı analitiklər deyiblər ki, iddia olunan hücumla bağlı təsdiqlənmiş dəlillər yoxdur. Həmçinin, açıq mənbələrdə hadisə ilə bağlı video, partlayış, yanğın və ya tüstü kadrları yoxdur.
ISW-nin məlumatına görə, Ukrayna ordusu Novqorodda hərbi hədəflərə zərbələr endirib və bunlar təsdiqlənib. Rusiya tərəfi dekabrın 29-da Putinin iqamətgahının bombalanması barədə iddianı təsdiqləyən heç bir sübut təqdim etməyib.
“ISW belə bir videomaterial qeydə almayıb, Ukraynanın Putinin iqamətgahına zərbələri ilə bağlı Lavrovun iddiasını təsdiqləyə biləcək yerli və qlobal hesabat yoxdur. Həmçinin Lavrovun Novqorodda 89 Ukrayna dronunun vurulması barədə iddiası Rusiya Müdafiə Nazirliyinin dekabrın 28-29-da bölgədə 47 Ukrayna dronunun vurulduğunu bildirən məlumatına ziddir, bu da iddianı daha da zəiflədir. Ukrayna qüvvələri əvvəlki dövrlərdə Novqoroda çoxsaylı hərbi hədəflərə zərbələr endirib və bu sübutlarla təsdiqlənib. Kreml dekabrın 29-da Ukrayna qüvvələrinin Putinin iqamətgahını bombaladığına dair heç bir sübut təqdim etməyib”, - ABŞ institutu vurğulayıb.
Rusiya xarici işlər naziri Sergey Lavrovun iddiasına görə, Ukrayna dekabrın 28-29-da Vladimir Putinin dövlət iqamətgahına 91 PUA ilə hücum etməyə çalışıb. ABŞ prezidenti Donald Tramp da bundan sonra bildirib ki, mümkün hücum barədə məlumatı Vladimir Putindən alıb: “Bu, yaxşı bir şey deyil, onun evinə hücum tam başqa bir məsələdir”.