BAKI, 21 noyabr. TELEQRAF

Britaniya Böyük Britaniya Ukraynaya göndərə biləcəyi hərbi bölmələri müəyyən edib, sülh danışıqları uğurla başa çatacağı halda, qoşunlarını operativ şəkildə köçürtməyə hazırdır.

Teleqraf xəbər verir ki, bu barədə “Bloomberg” məlumat yayıb.

Müdafiə naziri Con Hili bildirib ki, Britaniya “İstəklilər Koalisiyası” çərçivəsində Ukraynada hərbi yerləşdirmə planlarını yeniləyib. Silahlı Qüvvələrin komandanlığı göndəriləcək kontingent və onların qərargahlarının yerləşəcəyi yerləri müəyyən edib.

Müdafiə naziri vurğulayıb ki, plan Ukraynanın ehtiyacları nəzərə alınmaqla koalisiyanın digər üzvləri ilə razılaşdırılacaq və istənilən sülh razılaşmasının şərtlərinə uyğun olaraq düzəliş olunacaq.

“Bu plan o deməkdir ki, sülh gələndə hazır olacağıq”, - Con Hili deyib və əlavə edib ki, plan uzunmüddətli sülhün təmin olunması məqsədilə Britaniya qoşunlarının Ukraynada yerləşdirilməsini nəzərdə tutur.

O həmçinin bildirib ki, Britaniya öz hərbçilərinin Ukraynaya göndərilməsinin ilkin xərclərini ödəmək üçün 100 milyon funt-sterlinqdən çox vəsait xərcləməyə hazırdır.