BAKI, 13 noyabr. TELEQRAF

ABŞ Maliyyə Nazirliyi iki Ukrayna şirkətinə - “GK Imperativ Ukraina LLC” və “Ekofera LLC”yə qarşı sanksiyalar tətbiq edib.

Teleqraf xəbər verir ki, qurum bu şirkətləri İranın pilotsuz uçan aparat (PUA) və ballistik raket istehsalı proqramı üçün komponentlərin alınmasında vasitəçilik etməkdə ittiham edir.

ABŞ Maliyyə Nazirliyinin Xarici Aktivlərə Nəzarət İdarəsinin (OFAC) məlumatına görə, İran, Birləşmiş Ərəb Əmirlikləri, Türkiyə, Çin, Honq-Konq, Hindistan, Almaniya və Ukraynada yerləşən 32 fiziki və hüquqi şəxs barədə istintaq başlanıb. Bu şəxslərin İranın ballistik raket və PUA istehsalını dəstəkləyən genişmiqyaslı satınalma şəbəkələrini idarə etdiyi bildirilir.

Nazirliyin bəyanatında qeyd olunub ki, İran vətəndaşı Ukraynada qeydiyyatdan keçmiş şirkətlər vasitəsilə müvafiq materialların alınması və İrandakı müəssisəyə çatdırılmasını təşkil edib.