
BAKI, 8 mart. TELEQRAF
Polşanın Baş naziri Donald Tusk milli orduda əsgər sayını iki dəfədən çox artıraraq yarım milyon nəfərə çatdırmaq planını açıqlayıb.
Teleqraf "BBC"yə istinadən xəbər verir ki, Donald Tusk milli parlamentdəki çıxışında Avropada təhlükəsizlik mühitinin dəyişdiyini deyib. O, ölkədəki bütün yetkin kişiləri əhatə edəcək genişmiqyaslı hərbi təlim proqramı üzərində çalışdıqlarını açıqlayıb.
"Biz Polşada hər bir yetkin kişi üçün hərbi təlimlər hazırlayırıq. Məqsədimiz potensial təhlükələrə hazır olan yaxşı təlim keçmiş ehtiyat qüvvə yaratmaqdır", - Tusk bildirib.
Tuskun sözlərinə görə, Ukrayna ordusunda 800 min, Rusiya ordusunda isə təxminən 1,3 milyon əsgər var. Rəsmi Polşa ordusunun, o cümlədən ehtiyatda olan ordusunun sayını indiki 200 min nəfərdən 500 min nəfərə qədər artırmaq istəyir.
"Avropanın bir çatışmazlığı var: hərəkət etmək istəməmək, qeyri-müəyyənlik və hətta bəzən qorxaqlıq. İndi hərəkət etmək vaxtıdır. Bu, ciddi bir yarışdır. Bu, müharibə üçün deyil, təhlükəsizlik yarışıdır", - Tusk deyib.
Tusk vurğulayıb ki, qadınlar da hərbi təlim keçə bilərlər, lakin müharibə əsasən kişilərin işi olaraq qalır.