BAKI, 8 sentyabr. TELEQRAF
“Rusiya-Çin münasibətləri “kiçik qardaş” və “böyük qardaş” anlayışları ilə ölçülmür. Ölkələr hərtərəfli, bərabərhüquqlu və qarşılıqlı faydalı əməkdaşlığı dəstəkləyir”.
Teleqraf xəbər verir ki, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov deyib.
Rusiya ilə Çin arasındakı yaxınlıqda kimin “böyük, kimin kiçik qardaş” olması barədə suala cavab verən nazir qeyd edib ki, ikitərəfli əlaqələr bərabərhüquqlu tərəfdaşlıqla xarakterizə olunur:
“Bizdə heç vaxt belə bir hiss olmayıb, çinlilərdə də yoxdur. Halbuki vaxtilə SSRİ Çinin sənayeləşməsinə və Çin dövlətinin bir çox fundamental funksiyalarının təmin edilməsinə böyük töhfə vermişdi. Biz bir-birimizi zənginləşdiririk. Bu, kiçik qardaşlardan əsas fərqdir”.
Rusiya XİN rəhbəri onu da iddia edib ki, Çinin nüvə sənayesi Rusiyanın həlledici töhfəsi ilə yaradılıb:
“Çinlilər bu gün yüksək texnologiyalı məhsullar istehsal edirlər, robototexnika və bir çox başqa sahələrdə böyük nailiyyətləri var. Hazırda dəfələrlə istifadə oluna və quruya enə bilən müasir kosmik gəmi də yaradıblar. Çox böyük sayda nailiyyətləri var. Amma sizi əmin edirəm ki, bizim elmi məktəbimiz də heç də zəif deyil.
Lavrov hesab edir ki, Moskva və Pekinin bir-birindən texnoloji sirləri yoxdur:
“Kosmos sahəsində birgə işləmələrimiz, yüksək texnologiyalar sahəsində əməkdaşlığımız var. Süni intellekt istiqamətində də birlikdə çalışırıq. Bu cür etibarlı münasibətlər iki ölkənin birgə sənədlərində xarakterizə edildiyi kimi, strateji hərtərəfli tərəfdaşlığın bərabərhüquqlu və qarşılıqlı faydalı xarakterinin göstəricisidir. Biz qonşu olan dünyanın iki ən böyük ölkəsiyik”.