BAKI, 23 oktyabr. TELEQRAF

ABŞ hər il nüvə qüvvələrinin hazırlıq səviyyəsini yoxlamaq məqsədilə keçirilən “Global Thunder 27” komanda-qərargah təlimlərinə başlayıb.

Teleqraf xəbər verir ki, bu barədə ABŞ Strateji Komandanlığının (USSTRATCOM) mətbuata açıqlamasında bildirilib.

“Global Thunder 27” təlimlərində strateji qüvvələr sisteminin bütün şəxsi heyəti, ABŞ Silahlı Qüvvələrinin Strateji Komandanlığının bölmələri və onun tabeliyində olan birləşmələr iştirak edir.

“Təlimlərin məqsədi nüvə hazırlığı səviyyəsini yüksəltmək, təhlükəsiz, etibarlı, effektiv və inandırıcı strateji çəkindirmə qüvvələrini təmin etməkdir”, - qurum vurğulayıb.

Qeyd olunub ki, bu təlimlər hər il keçirilir və heç bir dövlətin və ya digər aktorların fəaliyyətinə, eləcə də dünyada baş verən hadisələrə cavab xarakteri daşımır.

ABŞ Strateji Komandanlığı əlavə edib ki, əvvəlki illərdə olduğu kimi, “Global Thunder 27” çərçivəsində bombardmançıların və digər növ hava gəmilərinin uçuşlarının sayı arta bilər.