BAKI, 21 oktyabr. TELEQRAF
“Şimali Koreya hərbçiləri Cənubi Koreya ilə sərhəddə onların təhlükəsizliyinə real təhdid yaradan düşmən təxribatları baş verərsə, dərhal cavab zərbəsi endirməlidir”.
Teleqraf xəbər verir ki, bu barədə Şimali Koreya müdafiə nazirinin müşaviri marşal Pak Çon Çxon bildirib.
“Düşmən səsgücləndiricilər vasitəsilə xəbərdarlıqlardan və xəbərdarlıq atəşlərindən sonra da hərbçilərimizə qarşı onların təhlükəsizliyinə real təhdid yaradan təxribatçı hərəkətlərə yol verərsə, dərhal cavab zərbəsi endirmək lazımdır. İndi söz atışması aparmağın vaxtı deyil”, - marşal deyib.
Pak Çon Çxon oktyabrın 20-də ölkənin cənub sərhədində istehkamların tikintisinə baxış keçirib.
Pak Çon Çxon Seulun Şimali Koreya hərbçilərinin sərhədi keçməsi ilə bağlı iddialarını vəziyyətin gərginləşməsinə görə məsuliyyəti “Pxenyanın üzərinə atmağa yönəlmiş planlaşdırılmış və əsassız ittihamlar” adlandırıb. O vurğulayıb ki, hərbçilər öz ölkələrinin ərazisində iş aparırlar. Marşal “təhlükəsizliyi təmin etmək üçün qabaqlayıcı tədbirlərin görülməsi”nin vacibliyini qeyd edib.
Çon Çxon əlavə edib ki, dövlət başçısı Kim Çen In ərazi və suverenlik məsələlərində ən kiçik güzəştlərə belə yol verilməməsini və düşmən dövlətlə sərhədin daimi müdafiə xəttinə çevrilməsini əmr edib.