BAKI, 23 oktyabr. TELEQRAF

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev ölkənin ilk prezidenti Nursultan Nazarbayevin adının unudulmayacağını bildirib.

Teleqraf xəbər verir ki, o, Nazarbayevin suveren ölkənin formalaşmasına böyük töhfə verdiyini vurğulayıb.

Kasım-Jomart Tokayev Respublika Günü münasibətilə keçirilən təntənəli tədbirdə çıxış edərkən deyib:

“Səylərimizi birləşdirərək ədalətli Qazaxıstan qurur və cəmiyyətdə ədalət prinsipini möhkəmləndiririk. Ədalətin ən ali mənəvi dəyər olduğu fikrini tamamilə doğru hesab edirəm. Yeni partiya da “Adilet” (“Ədalət”) adlanır”.

Prezidentin sözlərinə görə, tarixi proseslərə məhz ədalət mövqeyindən yanaşmaq və onları obyektiv qiymətləndirmək lazımdır:

“Buna görə də hesab edirəm ki, suveren Qazaxıstanın formalaşmasına, son dərəcə mürəkkəb iqtisadi şəraitdə ölkənin inkişafına və çoxsaylı tarixi uğurlar əldə etməsinə böyük töhfə vermiş ilk prezident Nursultan Abişeviç Nazarbayevin adı heç vaxt unudulmayacaq. Belə bir qiymətləndirmə ədalət prinsiplərinə uyğundur”.

Oktyabrın 25-də Qazaxıstanda milli bayram - Respublika Günü qeyd olunur. 1990-cı il oktyabrın 25-də Qazaxıstan SSR Ali Soveti “Qazaxıstan SSR-in dövlət suverenliyi haqqında” Bəyannaməni qəbul edib.