BAKI, 23 oktyabr. TELEQRAF

“ABŞ İran limanlarına tətbiq etdiyi blokadanı uzun müddət davam etdirə bilər”.

Teleqraf xəbər verir ki, bunu ABŞ-ın BMT-dəki daimi nümayəndəsi Mayk Uolts “Financial Times”a müsahibəsində deyib.

Diplomat Donald Tramp administrasiyasının İrana qarşı iqtisadi təzyiqləri artırdığını qeyd edib.

Tehran və Vaşinqton arasında dalana dirənmiş vəziyyətin növbəti bir il ərzində də davam etməsi, nüvə razılaşmasının əldə olunmaması və Hörmüz boğazında hərəkətin müharibədən əvvəlki duruma qayıtmaması ehtimalı barədə suala cavab verən Uolts bildirib: “Fərziyyələrə əsaslanan ssenarilər barədə danışmaq istəmirəm. Ümid edirik, həmin vaxta qədər onlar ciddi və mənalı şəkildə danışıqlar masasına əyləşəcəklər”.

O əlavə edib ki, ABŞ Hərbi Dəniz Qüvvələri blokadanı yaxın gələcəkdə də davam etdirə bilər.

ABŞ-nin BMT-dəki səfiri vurğulayıb ki, İranın yüksək dərəcədə zənginləşdirilmiş nüvə materialları məhv edilməyənə və ölkə daxilində uranın zənginləşdirilməsi ilə bağlı mənalı razılaşma əldə olunmayana qədər Vaşinqton müharibədə qarşıya qoyduğu strateji məqsədlərə nail olmayacaq.