BAKI, 21 oktyabr. TELEQRAF

Avstraliya hökuməti 16 yaşdan kiçik şəxslərin sosial şəbəkələrdən istifadəsinə ölkə miqyasında tətbiq edilən qadağaya əməl etmədikləri iddiası ilə Feysbuk, TikTok və digər iri sosial şəbəkələri məhkəməyə verməyə hazırlaşır.

Teleqraf xəbər verir ki, bu barədə ölkənin rabitə naziri Anika Uells məlumat verib.

Avstraliyanın onlayn təhlükəsizlik üzrə tənzimləyici qurumu (eSafety) mart ayında Feysbuk və İnstaqramın (hər ikisi “Meta Platforms” şirkətinə məxsusdur), TikTok, Snapçat və Yutubun qanunun tələblərinə əməl etməməsi ehtimalı ilə bağlı araşdırma apardığını açıqlayıb.

Qanun şirkətlərdən yetkinlik yaşına çatmayan şəxslərin sosial şəbəkələrdə hesab açmasının qarşısını almaq üçün ağlabatan tədbirlər görməyi tələb edir. Bu addım uşaqları internetdəki zərərli məzmundan qorumaq məqsədi daşıyır.

Uells beş platformanın hamısına qarşı hüquqi tədbirlərin görüləcəyini gözlədiyini bildirib.

“eSafety”-nin iyul ayında dərc etdiyi hesabata əsasən, sosial şəbəkələrdən istifadə edən yetkinlik yaşına çatmayanların əksəriyyəti hesablarını saxlaya və ya yeni hesablar yarada bilib. Bunun əsas səbəbi platformalarda yaşın yoxlanılması mexanizmlərinin effektiv olmamasıdır.

Avstraliyada dünyada ilk olan bu qadağa 2025-ci ildə qüvvəyə mindikdən sonra hökumət qanun pozuntularına görə nəzərdə tutulan maksimum cəriməni 109,2 milyon Avstraliya dollarına qədər artırıb.

Hökumət “eSafety”nin rəhbəri Culi İnman Qrantın araşdırma səlahiyyətlərini genişləndirib. Yeni səlahiyyətlərə sosial media platformalarından sənədlər tələb etmək, eləcə də hazırkı və keçmiş əməkdaşları sualları cavablandırmaq üçün çağırmaq imkanı daxildir.