BAKI, 23 oktyabr. TELEQRAF

Bakının Qaraçuxur qəsəbəsində fəaliyyət göstərən “Seymur-M” Məhdud Məsuliyyətli Cəmiyyətə məxsus klinikada yoxlama aparılıb.

Teleqraf-ın əldə etdiyi məlumata görə, Səhiyyə Nazirliyinin Analtik Ekspertiza Mərkəzinin Tibbi Nəzarət şöbəsi tərəfindən MMC-yə məxsus “General Hospital” tibb müəssisəsində keçirilən plandankənar yoxlamada lisenziya olmadan özəl tibb fəaliyyəti ilə məşğul olması faktı aşkarlanıb.

Bununla bağlı MMC barəsində İnzibati Xətalar Məcəlləsinin 210.1-ci maddəsi ilə protokol tərtib edilib.

Suraxanı Rayon Məhkəməsinin qərarı ilə MMC 20 min manat cərimə olunub.

Qeyd edək ki, “Seymur-M” Məhdud Məsuliyyətli Cəmiyyətinin vəzifəli şəxsləri saxta tibbi sənədlər əsasında müavinətlərin ödənilməsini təşkil etməkdə təqsirli biliniblər.

Baş Prokurorluğun bu ilin sentyabrın 9-da yaydığı məlumata görə, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində “Seymur-M” Məhdud Məsuliyyətli Cəmiyyətinin təsisçisi və direktoru, eyni zamanda, həmin MMC-yə məxsus “General Hospital” klinikasının baş həkimi Rüstəm İsmayıl oğlu Mikayılovun və Bakı şəhəri 42 nömrəli (keçmiş 13 nömrəli) şəhər poliklinikasında sahə həkimi işləmiş Səmayə Asif qızı Əşrəfovanın qanunsuz əməlləri ilə bağlı cinayət işi üzrə ibtidai istintaq tamamlanıb.

İbtidai istintaqla Rüstəm Mikayılov və Səmayə Əşrəfovanın 2017-2024-cü illərdə qeyd edilən vəzifədə işlədikləri dövrdə vəzifə səlahiyyətlərindən sui-istifadə etməklə onlara müraciət edən çoxsaylı şəxslərdən müxtəlif məbləğlərdə rüşvət almaqla həmin şəxsləri müvafiq müayinələrdən keçirmədən əmək qabiliyyətinin müvəqqəti itirilməsi barədə tibbi sənədlər təqdim etmələrinə, qeyd olunan sənədlər əsasında müavinətlərin ödənilməsinə, habelə Rüstəm Mikayılov tərəfindən rüşvət qismində alınmış pul vəsaitini leqallaşdırmasına əsaslı şübhələr müəyyən edilib.

Toplanmış sübutlar əsasında Rüstəm Mikayılova Cinayət Məcəlləsinin 193-1.3.2 (cinayət yolu ilə əldə edilmiş xeyli miqdarda əmlakı leqallaşdırma), 308.2 (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.1, 311.3.2 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən təkrarən rüşvət alma) və 313-cü (vəzifə saxtakarlığı), Səmayə Əşrəfovaya isə həmin Məcəllənin 308.2, 311.3.1, 311.3.2 və 313-cü maddələri ilə ittiham elan edilib və barələrində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilib.

Bundan başqa, hüquqi şəxs “Seymur-M” MMC barəsində cinayət-hüquqi tədbirlərin tətbiq edilməsi üzrə icraatın başlanması haqqında qərar qəbul edilib və Rüstəm Mikayılova məxsus əmlak üzərinə həbs qoyulub.

Cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.