BAKI, 22 iyun. TELEQRAF

“Rusiya və Avrasiya İqtisadi Birliyindəki (AİB) tərəfdaşlar onların hesabına Ermənistanın Avropa İttifaqına (Aİ) inteqrasiyaya yönəlmiş istehlakçı yanaşmasını qəbulolunmaz sayırlar”.

Teleqraf xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova deyib.

“Bir daha vurğulamaq istərdim ki, bizim üçün bizim hesabımıza Avropa İttifaqına inteqrasiyaya yönəlmiş sırf istehlakçı yanaşma qəbuledilməzdir. Liderlərin bəyanatından da göründüyü kimi, Avrasiya İqtisadi Birliyindəki tərəfdaşlarımız da eyni mövqeyi bölüşürlər”, - Zaxarova bildirib.

Xatırladaq ki, Ermənistan parlamenti mart ayında Aİ üzvlüyü prosesinə başlamaq üçün qanun qəbul edib, bu, apreldə Prezident Vaaqn Xaçaturyan tərəfindən təsdiqlənib. Rusiya Prezidenti Vladimir Putin bundan sonra Ermənistan Baş naziri Nikol Paşinyanla görüşündə Aİ və AİB-ə eyni vaxtda üzvlüyün qeyri-mümkün olmadığını açıqlayıb.

O əlavə edib ki, Rusiya, Belarus, Qazaxıstan və Qırğızıstan Ermənistanın AİB və ya Aİ-yə qoşulmaqla bağlı mövqeyini mümkün qədər tez aydınlaşdırmasını istəyir: “Rusiya, digər üç AİB ölkəsi - Belarus, Qazaxıstan və Qırğızıstan bu məsələnin mümkün qədər tez aydınlaşdırılmasını istəyir”.

Zaxarova birliyin dörd ölkəsinin liderlərinin mayın 29-da verdikləri birgə bəyanatda Ermənistanda mümkün qədər tez müvafiq referendumun keçirilməsinin vacibliyinin vurğulanmasının təsadüfi olmadığını söyləyib. O bildirib bu, Ermənistan Konstitusiyasında ölkənin beynəlxalq təşkilatlara üzvlüyü ilə bağlı qərarların qəbul edilməsi üçün nəzərdə tutulan yeganə mexanizmdir.

Mariya Zaxarovanın sözlərinə görə, birlik ölkələrinin dördünün hökumətləri mövcud vəziyyətlə bağlı birgə analitik hesabat hazırlamalı və dekabrda keçiriləcək Ali Avrasiya İqtisadi Şurasının iclasına qədər təqdim etməlidirlər: “Bu iş mütləq həyata keçiriləcək”.

XİN nümayəndəsi vurğulayıb ki, Ermənistan Rusiya ilə münasibətləri Aİ-yə inteqrasiyanı irəli aparmaq üçün maliyyə aləti kimi qəbul edir.