BAKI, 20 yanvar. TELEQRAF

“Kiçik Aral dənizində suyun həcmini əhəmiyyətli dərəcədə artırmaq imkanı var”.

Teleqraf xəbər verir ki, bunu Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev deyib.

“Aral dənizinin xilas edilməsi bütün bəşəriyyət üçün təcili vəzifədir. İllər ərzində görülən işlər sayəsində Şimali Aral dənizini xilas etdik. Kiçik Aral dənizində də suyun həcmini əhəmiyyətli dərəcədə artırmaq imkanı var. Amma bu, təkcə bizim məsələmiz deyil. Qazaxıstanın əsas çaylarının əksəriyyəti qonşu ölkələrdən başlayır. Çayın başlanğıcının yerləşdiyi ölkələrin su siyasətindən asılı olaraq, çayın suyu müxtəlif vaxtlarda müxtəlif həcmlərdə dənizə çatır, - dövlət başçısı bildirib.

Kasım-Jomart Tokayevin sözlərinə görə, bir çox problemin həlli bacarıqlı diplomatiyadan asılıdır:

“Artıq Mərkəzi Asiyanın bütün ölkələri ilə su ehtiyatlarından birgə istifadə ilə bağlı müqavilələr imzalanıb. Nəticə etibarilə, təkcə Aral dənizinin deyil, həm də Xəzər dənizi, Balxaş və İrtışın taleyini həll etmək üçün qonşularımızla razılığa gəlməli və müqavilələr imzalamalıyıq. Su ölkəmiz üçün strateji bir mənbədir”.