BAKI, 5 yanvar. TELEQRAF
“Almatı merinə şəhəri “heç vaxt yatmayan şəhərə” çevirmək tapşırığı verilib”.
Teleqraf xəbər verir ki, bunu Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev deyib.
Prezident qlobal meqapolisləri izləyərək Almatının 24 saatlıq turizm mərkəzinə çevrilməsini əmr edib.
Kasım-Jomart Tokayev hesab edir ki, yalançı ekoloji fəallar və müəyyən sektorlarda rəqabətin olmaması turizmin inkişafına mane olur. O, həmçinin unikal coğrafi mövqeyinə baxmayaraq, köhnəlmiş və inkişafa yeni yanaşma tələb edən Şimbulak xizək kurortunun təmirinə ehtiyac olduğunu vurğulayıb.
Qazaxıstan Prezidenti bildirib ki, Almatı dağ klasteri bütün gəlir səviyyələrindən olan turistlər üçün əlçatan olmalıdır: "Almatının 24/7 fəaliyyətini təmin etmək üçün infrastruktur, abadlıq və işıqlandırmasının daha da təkmilləşdirilməsinə ehtiyac var".
“Almatının merinə tapşırıq verdim ki, şəhəri Nyu-York, Moskva, Paris kimi “heç vaxt yatmayan”, qonaqlarının maraqları naminə sutka boyu fəaliyyət göstərən şəhərə çevirsin”, - dövlət başçısı qeyd edib.