BAKI, 5 yanvar. TELEQRAF
“Rusiya Prezidenti Vladimir Putin Qazaxıstanın birinci prezidenti Nursultan Nazarbayevi Avrasiya inteqrasiyasının öncülü olan təcrübəli siyasətçi kimi yüksək qiymətləndirir”.
Teleqraf xəbər verir ki, bunu Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev deyib.
“Rusiya prezidentini dostlar və həmkarlarına qarşı xoşməramlı münasibəti fərqləndirir. Ötən həftə son dərəcə məşğul olmasına baxmayaraq, Qazaxıstanın birinci prezidenti ilə sakit və tələsmədən söhbət etmək üçün vaxt tapdı. O, Rusiyanın aparıcı mövqe tutduğu Avrasiya inteqrasiyasının öncülü olan təcrübəli siyasətçi kimi onu qiymətləndirir. Bu görüş Vladimir Putinin yüksək insani keyfiyyətlərindən xəbər verir”, - Qazaxıstan Prezidenti Putinin Nazarbayevlə son görüşünü şərh edərkən bildirib.
Həmçinin Tokayev əlavə edib: “Belə söhbətlərin məzmunu məni maraqlandırmır, bu mövzuda heç vaxt sual vermirəm”.
Dövlət başçısının sözlərinə görə, Rusiya lideri onu Nazarbayevlə planlaşdırılan söhbət barədə əvvəlcədən xəbərdar edib: “Artıq müntəzəm xarakter alan bu görüşlər qeyri-rəsmi xarakter daşıyır. Bu məqamı Rusiya Prezidenti özü də vurğulayır. Sankt-Peterburqda keçirilən son görüş zamanı Vladimir Putin mənə bildirdi ki, Nursultan Nazarbayevi onun təkidli xahişi ilə qəbul edəcək”.
Qeyd edək ki, Nazarbayev və Putinin görüşü dekabrın 27-də Kremldə baş tutub.