BAKI, 31 dekabr. TELEQRAF

“Son illərdə süni intellektin inkişafına qlobal investisiyaların həcmi 1 trilyon dolları keçib. Süni intellektin dünya iqtisadiyyatına töhfəsinin isə qarşıdakı on ildə 10 trilyon dolları keçəcəyi ehtimal olunur”.

Teleqraf xəbər verir ki, bunu Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev deyib.

Prezident bildirib ki, dünya misli görünməmiş imkanlar açacaq tarixi dövrə qədəm qoyub, amma texnoloji inkişafla yanaşı, yeni təhdidlər də ortaya çıxacaq:

“Bizim vəzifəmiz yeni texnologiyaların xalqımızın rifahı naminə yönəldilməsidir. Süni intellekt texnologiyaları ticarət axınlarının proqnozlaşdırılması ilə bağlı problemləri artıq müsbət həll edə və gömrük gəlirləri və ticarət müqavilələrinin dövlət iqtisadiyyatının inkişafına təsirini dəqiq qiymətləndirə bilər”.

Tokayev əlavə edib ki, Qazaxıstan gələcəkdə tam rəqəmsal dövlətə çevrilmək üçün qarşısına strateji məqsəd qoyub.