BAKI, 25 noyabr. TELEQRAF
Puerto-Rikodan olan 27 yaşlı model Cennifer Barreto 2026-cı il “Kainat gözəli” (Miss Universe) müsabiqəsinin qalibi olub. O, evlidir, 7 yaşlı Penelopa adlı qızı var.
Teleqraf xəbər verir ki, “Miss Universe-2026” müsabiqəsinin 75-ci buraxılışında dünyanın müxtəlif ölkələrini təmsil edən 116 qadın iştirak edib.
Onlardan 40-ı yarımfinala yüksəlib. İlk beşliyə Filippin, Venesuela, Dominikan və Yeni Zelandiya nümayəndələri daxil olub.
Cennifer Barreto Puerto-Rikonun bu titula layiq görülən altıncı nümayəndəsidir və 20 ildən sonra ölkəsinə yenidən bu qələbəni qazandırıb. Gözəllik müsabiqəsində iştirak etmək qərarına gələn model həyat tərzini kökündən dəyişib, 32 kiloqram arıqlayıb.
Qalib elan ediləndə o, sevinc göz yaşlarını saxlaya bilməyib. Ötən ilin qalibi, meksikalı model Fatima Boş ona müsabiqənin 75 illiyi münasibətilə hazırlanmış “Əbədi İrsin Parıltısı” tacını təqdim edib.
Yeni “Kainat gözəli” psixologiya üzrə bakalavr dərəcəsinə malikdir. Həmçinin sosial iş sahəsində də təhsil alıb. Hazırda bir neçə xeyriyyə təşkilatında çalışır və ölkəsində hərbi qulluqçuların ailələrində məişət, sosial və ailədaxili problemlərin profilaktikası üzrə tanınmış mütəxəssisdir. Psixoloq kimi də fəaliyyət göstərir və artıq digər mütəxəssislərə də təlim keçir.
“Miss Universe-2026” müsabiqəsinin birinci vitse-gözəli Venesuela təmsilçisi Klara Veqas, ikinci vitse-gözəli isə Filippin nümayəndəsi Bea Millan-Vindorski olub.