BAKI, 25 noyabr. TELEQRAF
Azərbaycanda hesabların ələ keçirilməsi hallarının azalmasına baxmayaraq, sosial mühəndislik üsulları ilə həyata keçirilən dələduzluq əməliyyatlarının sayında artım müşahidə olunur.
Teleqraf xəbər verir ki, bunu Mərkəzi Bankın (AMB) Rəqəmsal dələduzluğun qarşısının alınması və monitorinqi şöbəsinin müdiri Elvin Cuvarov X Beynəlxalq Bankçılıq Forumunda (IBF 2026) çıxışında deyib.
Onun sözlərinə görə, 2026-cı ilin ikinci rübündən üçüncü rübünə keçiddə ölkədaxili dələduzluq əməliyyatlarının məbləğində kəskin artım qeydə alınıb.
2026-cı il ikinci rübe ilə müqayisədə il üçüncü rübdə Azərbaycan daxilində fırıldaqçılıq hallarının məbləği 52,18%, ölkə xaricində isə 30,02% artıb.
“Bu artımın əsas səbəblərindən biri müştərilərin sosial mühəndislik metodlarının təsiri altında vəsaitlərini özləri dələduzlara köçürməsidir.
Əvvəlki dövrlərdə əsas dələduzluq tendensiyası hesabların ələ keçirilməsi olsa da, banklar, ödəniş və elektron pul təşkilatları mobil tətbiqlərə giriş zamanı daha etibarlı autentifikasiya mexanizmləri, o cümlədən biometrik həllər tətbiq etməyə başlayıblar. Nəticədə hesabların ələ keçirilməsi halları əhəmiyyətli dərəcədə azalıb.
Lakin dələduzlar yeni müdafiə mexanizmlərini aşmaq üçün metodlarını təkmilləşdirərək sosial mühəndislik üsullarına daha çox üstünlük verirlər. Bu zaman özlərini bank və ya hüquq-mühafizə orqanlarının əməkdaşı kimi təqdim edən şəxslər vətəndaşlara zəng edərək vəsaitlərinin təhlükədə olduğunu bildirir və onları pullarını “təhlükəsiz hesaba” köçürməyə inandırırlar.
Bəzi hallarda vətəndaşlar dələduzların göstərişi ilə onlayn kredit rəsmiləşdirərək əldə etdikləri məbləği də onlara göndərirlər. Belə əməliyyatlarda müştərinin hesabı ələ keçirilmir, o, manipulyasiyanın təsiri altında köçürməni özü həyata keçirir”, - dey o bildirib.
E. Cuvarov qeyd edib ki, banklardan toplanan dələduzluq hesabatlarının təkmilləşdirilməsi planlaşdırılır.