BAKI, 25 noyabr. TELEQRAF

Ukrayna Samara vilayətində Rusiyanın neft infrastrukturlarına məxsus bir neçə obyektə zərbələr endirib.

Teleqraf xəbər verir ki, bu barədə “Supernova+” məlumat yayıb.

Ukraynanın dron hücumundan sonra Kuybışev Neft Emalı Zavodunda (NEZ) güclü partlayışlar baş verib. Məlumatda hava hücumu zamanı zədələnənən zavodun çox pis vəziyyətə düşdüyü bildirilib. Bu NEZ “Rosneft” şirkətinə məxsusdur, ildə 7 milyon ton neft emalı üzrə nominal gücə malikdir. Bu, Rusiyanın ümumi neft emalı həcminin təxminən 2,6 faizini təşkil edir.

Qonşu Sizran şəhərində yerləşən NEZ də Ukrayna Silahlı Qüvvələrinin zərbəsinə məruz qalıb. Hadisə yerində genişmiqyaslı yanğın baş verob. Bu zavod da “Rosneft”ə məxsusdur, ildə 8,5 milyon ton neft emalı üzrə layihə gücünə malikdir. Bu, Rusiyanın ümumi neft emalı gücünün təxminən 3,2 faizidir.

Məlumata görə, Ukrayna ordusu Samarada bir neft terminalını da vurub.